"İlham Əliyevin Düşənbəyə səfəri Mərkəzi Asiya dövlətləri ilə ticarət əməkdaşlığını möhkəmləndirəcək"

 16:57 15.09.2023     298

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Tacikistanda səfərdə olub. 

Azərbaycan lideri Tacikistan Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak edib.

Prezidentin Tacikstan səfəri ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov Redaktor.az-a danışdı.

O, bildirdi ki, Azərbaycan və Tacikistan arasında əlaqələrin inkişafında yeni dövr başlayır:

“Azərbaycan-Tacikistan münasibətləri diplomatik münasibətlərin 30 ili ərzində səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə bilib. Əlaqələr davamlı şəkildə qurucu xarakter daşıyıb və dövlət başçılarının, hökumət üzvlərinin qarşılıqlı səfərləri sayəsində intensiv xarakter alıb. 2007-ci ilin avqust ayında Azərbaycan Respublikasının Tacikistan Respublikasında, 2008-ci ildə isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ulu öndər Heydər Əliyevin Tacikistan prezidenti Emoməli Rəhmanovla görüşü siyasi-iqtisadi təmaslar üçün möhkəm sütunlar yaradıb. Hər iki respublika nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini daim müdafiə etmiş, İslam Konfransı Təşkilatında yekdil mövqe nümayiş etdiribdir. Cənab prezident İlham Əliyevin Tacikistanla münasibətlərə xüsusi önəm verməsi də əalqələrin yüksələn xətt üzrə inkişafını təmin edib".

Millət vəkili qeyd etdi ki, 2007-ci ildə Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri və səfər zamanı prezident Emoməli Rəhmonla görüşü ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın səfərbər olunmasına imkan yaradıb, o cümlədən iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün perspektivlər açılıb:

"2023-cü il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri də olduqca yaddaqalan olub və imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib. Eləcə də çoxşaxəli əlaqələrimizin kompleksinin tərkib hissələri kimi parlamentlərarası əməkdaşlıq fasiləsiz xarakter alıb və iki ölkənin parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində bu əməkdaşlıq yeni məzmun kəsb edib. Hər iki ölkə ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Razılaşaq ki, ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi tərəflərin malik olduğu potensiala uyğun deyil. Bununla əlaqədar əmtəə dövriyyəsinin artırılmasına dair təxirəsalınmaz tədbirlər görülməsi barədə əldə olunmuş razılaşma yaxın illərdə bu dövriyyənin artmasına zəmin yaradır. Eləcə də yeni iqtisadi prioritetlər çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahəsində intensiv əməkdaşlıq nəzərdə tutulur. Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakı təmin olunmaqdadır. Eləcə də Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunması üçün rəsmi Düşənbə dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artırmağa yönəltmək niyyətindədir. Bunun üçün imkanlar da böyükdür, hər iki ölkə TRASEKA nəqliyyat dəhlizində təmsil olunur, eyni zamanda, bölgədə yaradılmış nəqliyyat-logistika infrastrukturunda təmsil olunur".

A.Hüseynovun fikrincə, sentyabrın 14-də Tacikistana səfər edən Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı region ölkələri, o cümlədən Tacikistanla Azərbaycan arasında ticarət əməkdaşlığını möhkəmləndirəcəkdir.

Humay İSGƏNDƏRLİ