İrəvan öhdəliklərindən imtina etsə, Bakı alternativ nəqliyyat marşrutları üzərində çalışacaq
Ermənistan öz üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən imtina edərsə, Azərbaycan alternativ nəqliyyat marşrutları üzərində çalışacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev TASS-a müsahibəsində bildirib.
Hacıyevin sözlərinə görə, Azərbaycan logistika ehtiyaclarını “Ermənistan hökumətinin şıltaqlığı”na uyğunlaşdırmaq niyyətində deyil və ölkəmiz regional tərəfdaşları ilə birlikdə irəliləyəcək:
“İrəvan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və əgər təcrid olunmuş vəziyyətdə qalmağı davam etdirmək istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil. Regionun digər ölkələri ilə alternativ layihələr üzərində artıq fəal işlər görülür".
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, çünki sıx ticari-iqtisadi əlaqələr regionun sülh, sabitlik və rifahına töhfə verəcək. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiyanın mövqeyini Azərbaycan yüksək qiymətləndirir.
Hikmət Hacıyev bildirib ki, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı danışıqlarda müəyyən durğunluq müşahidə olunur.
Prezidentin köməkçisi həmçinin əlavə edib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli bəyanatının müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin Ermənistan ərazisindən keçərək təmin edilməsi deməkdir. Bəyanatın bu bəndi, təqribən üç ilə yaxın zaman keçsə də, Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib.
“Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistanın özü üçün sərfəlidir, hansı ki, bu ölkə Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində 30 ilə yaxın müddət ərzində regionun nəqliyyat və logistika arxitekturasından kənarda qalıb”, - Hikmət Hacıyev vurğulayıb.