"Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik" - Əli Nağıyev
"Hazırda bəzi erməni ideoloqları tarixə istinad edərək ermənilərlə azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü məsələsini qaldırırlar. Onda sual doğur, necə olmuşdur ki, hərbi münaqişə başlayanadək erməni əhali uzun müddət Bakı şəhərində və Azərbaycanın digər yerlərində, o cümlədən Dağlıq Qarabağda hörmətli vətəndaşlar kimi komfort şəraitdə yaşamış, cəmiyyətdə kifayət qədər nüfuz sahibi olmuşlar".
Redaktor.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
"Monoetnik Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün yaşayan rus, gürcü, yəhudi və digər xalqlar çoxmillətli və çoxkonfesiyalı dövlətin əsasını təşkil edirlər. Biz Azərbaycanın erməni əhalisini də bizimlə birlikdə yaşamağa dəvət edirik. Azərbaycan dövləti və azərbaycanlalar müharibə istəmirlər. Bizi bu gün hərbi təcavüz nəticəsində dağıdılmış yaşayış məntəqələrimizin daha tez bərpası və öz vətənində köçkün olmuş 750 min əhalimizin qısa vaxt ərzində öz evlərinə qaytarılması düşündürür", - deyə general bildirib.