"Dünyada Amerika Birləşmiş Ştatları adında bir şeytan yuvası var" - Elman Məmmədov

 12:33 18.09.2023     540

Xəbər verdiyimiz kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə əldə olunan razılığa əsasən bu gün həm Ağdam-Xankəndi yolu, həm də Laçın-Xankəndi yolu ilə komitəyə məxsus avtomobillərin keçidi təmin olunub. 

Milli Məclisin deputatı Elman Məmmədov hər iki yolun açılması ilə bağlı Redaktor.az-a danışdı.

Onun sözlərinə görə, Azərbaycan tələblər qoymuşdu ki, oradakı işğalçıların, cinayətkarların təminatını yaxşılaşdırmaq üçün Laçın yolu ilə bərabər Ağdam-Xankəndi yolu da işləməlidir:

"Beynəlxalq "erməni" Qızıl Xaç Komitəsinin maşınları Ağdam-Xankəndi yolundan da keçir, yükləri daşıyır. Yemək, tibbi ləvazimatlar daşınır. O cümlədən də artıq "Laçın" sərhəd-buraxılış məntəqəsindən də onların maşınları gəlir. Təbii ki, bunlar hamısı Azərbaycanın müvafiq qurumları tərəfindən həm sərhəd keçid məntəqəsinin əməkdaşları, həm Gömrük Komitəsinin əməkdaşları tərəfindən lazımi səviyyədə yoxlanılır. Həm də ordan keçən ünsürlərin özlərinin yoxlaması keçirilir, həm də gətirib-apardıqları yüklərin yoxlaması keçirilir. Təbii ki, bu, Azərbaycana olan hədsiz dərəcədə təzyiqlər - Amerika Birləşmiş Ştatlarının, Fransanın, Rusiyanın, İranın və başqalarının istəkləridir, maraqlarıdır. Ancaq Azərbaycan da öz dediyinin üstündə durdu, yəni, qanuni tələblərini Azərbaycan ortaya qoydu ki, bunların təminatı buradan olmalıdır və bu yollar açılmalıdır. Yəqin ki, gələcəkdə Bərdə-Tərtər istiqamətində Ağdərədən Kəlbəcərə keçən yolun açılması ilə bağlı məsələlər qoyulacaq. Başqa istiqamətlərdən də, Xocavənd istiqamətində də yolların açılmasından yəqin ki, söhbət gedəcək. Ərazi bizimkidir, bunlar bizim daxili işlərimizdir. Əgər bu məsələlərə haqq ədalətlə yanaşılsa, heç bir qeyri-dövlət və yaxud beynəlxalq qurum müdaxilə etməməlidir. Ancaq bu adını saydığım dövlətlər və beynəlxalq qurumlar erməniləri "Qırmızı Kitab"a salınmış heyvanlar siyahısına daxil ediblər. Onların qorunması üçün kökü kəsilməkdə olan heyvanların qorunmasını necə ki, təşkil edirlər, eləcə də bunların qorunmasını təmin etmək üçün özlərinə aid olan problemləri bir kənara qoyub, ancaq Azərbaycana təzyiq göstərməklə, ermənilərin müdafiəsini təşkil etməklə məşğuldurlar. Dünyada Amerika Birləşmiş Ştatları adında bir şeytan yuvası var. Hansı ki, Yaponiyanı, Xirosimanı atom bombası ilə bombalayan, Vyetnamda qırğınlar tökən, Əfqanıstanı dağıdan, İraqda qanı su yerinə axıdan, yəni saymaqla qurtarmaz. Bunların Dövlət Departamenti, senatı, iti-qurdu hamısı Azərbaycanın əleyhinə bəyanatlar verməklə, sənədlər qəbul etməklə məşğuldurlar. Məqsəd də nədir? Cinayətkar, işğalçı erməniləri qorumaq".

E.Məmmədov dedi ki, bütün bu təzyiqlər qarşısında Azərbaycan dözüm gətirib.

"Azərbaycan da beynəlxalq hüquqa uyğun, öz qanunlarımıza uyğun təkliflərini, iradəsini ortaya qoyur ki, ərazi mənim ərazimdir. Mən gəlib sizin daxili işlərinizə qarışmıram ki? Sənin ştatlarına qarışmıram ki, yerli amerikalıları nə cür qırıb? İndi Amerikaya yiyələnib deyirsiniz ki, biz amerikalıyıq. Siz amerikalı deyilsiniz, Amerikanı işğal etmiş avropalılarsız. İndi siz haqdan, hüquqdan danışırsınız. Siz özünüz necə ki, işğalçı kimi gedib Amerikanın yerli əhalisini məhv edib, orada oturub deyirsiniz amerikalıyıq, eləcə də erməniləri gətirib bura yığmısınız, ermənilər bizi məhv edib, yurd-yuvamızdan qovub deyirlər ki, biz buralıyıq. İndi bu Qarabağdakı ermənilərin taleyi sizi bir belə maraqlandırırsa, mən də xocalıdanam, mən də qarabağlıyam. Əgər sizin qərəziniz yoxdursa, ədalətlisizsə, mənim niyə yurd-yuvama qayıtmağım üçün bir hərəkət etmirsiniz, bir narahat olmusunuz, bir tədbir görmürsünüz? Amma tarixən siz heç vaxt nə amerikan olaraq, nə fransız olaraq, nə digəri olaraq heç vaxt ədalətli olmamısınız. Tarixiniz boyu işğalçı olmusunuz, müstəmləkəçi olmusunuz. Bu gün də həmin siyasəti davam etdirirsiniz", - deyə deputat qeyd etdi.

Humay İSGƏNDƏRLİ