Zahid Oruc bu dövlətlərin Azərbaycana qarşı xain planlarından DANIŞDI

 17:05 18.09.2023     1000

"Azərbaycan son üç ayda xüsusi olaraq həmin Laçın yolu və onu koridora çevirərək ətrafında "Səlib yürüşü" təşkil edən qüvvələrə açıq bir məramını ifadə etmişdi".

Bunu Redaktor.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əldə olunan razılığa əsasən bu gün həm Ağdam-Xankəndi yolu, həm də Laçın-Xankəndi yolu ilə komitəyə məxsus avtomobillərin keçidinin təmin olunmasına münasibət bildirərkən dedi.

Millət vəkili qeyd etdi ki, əgər məqsəd, gerçəkdən də, Xankəndidə yaşayan erməni sakinləri ilə bu və ya digər kontaktların qurulması, onların sosial, iqtisadi vəziyyətinə təsir göstərməkdirsə, bu halda hansı yolla qət etməyin heç bir anlamı, fərqi olmamalıydı:

"Başlıca məsələ Azərbaycan BMT çərçivəsində tanınmış sərhədlərinə suveren nəzarətini həyata keçirərkən, hətta Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan - red.) özünün tanıdığı və istər Brüssel görüşlərində, istərsə də Vaşinqton platformasındakı anlaşmalara əməl edilməsidir. İndi biz görməkdəyik ki, ayrı-ayrı qüvvələr Ermənistan-Azərbaycan sülh prosesini öz mənafelərinə böyük zərbə hesab edirlər. Onlar düşünürlər ki, Qafqazlarda, gerçəkdən də bu iki xalq barış, konflikt olmazsa, kommunikasiyalar açılarsa, hətta gələcəkdə bütün düşmənçilik münasibətləri ortadan qalxarsa, o zaman bunlar regionda öz mənafelərini necə sürdürərlər, iqtisadi maraqlarını həyata keçirmək üçün hansı təzyiq alətlərindən istifadə edərlər? Bu qurumlar sanki anlamsız bir vəziyyətə gəlmiş olur. Elə hesab edin ki, əgər bir məkanda, bir coğrafiyada, insanlar xəstələnmirsə, sanki həkimə ehtiyac qalmır. Yəni bunlar ağ xalatlı, amma öz məqsədlərini başqa cür qurmuş və dünya üzərində böyük laboratoriyalar təşkil edən dairələrdir. İndiki halda biz görürük ki, Ağdam-Əsgəran yolunun açılması, Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti tərəfindən yüklərin çatdırılması baş verir. Burada yolların hər ikisinin işlək vəziyyətdə olması, Azərbaycan coğrafiyasının bütöv götürüldüyünü və onun konkret olaraq ərazini 5 kilometrdən ibarət, az qala Hörmüz boğazı kimi yanaşaraq onun ətrafında bir savaş meydanı düzəltməsinin qarşısı alınır. Bizə yaxşı məlumdur ki, istər Fransa, istərsə də Avropa Parlamentinin bir sıra dairələri məqsədli olaraq məsələni gündəmə gətirməkdə niyyət ondan ibarətdir ki, bölgədə xüsusi olaraq Rusiya, İran, Türkiyə və bir sıra dövlətlər əleyhinə strategiyalar həyata keçirsinlər. İndi Avropa Birliyinin müşahidə missiyası adı altında xeyli canişinləri, kəşfiyyat elementləri gəlib Qafqaz dağlarına. Azərbaycan hətta 2021-2022-ci ildə Ermənistan rəhbərliyi ilə aparılan danışıqlar fonunda bir müqavilə imzalanardı, delimitasiya, demarkasiya komissiyasının işi səmərə verərdi və ortada olan vəziyyət dəyişərdi. Həmin o qeyd etdiyimiz Avropa Birliyinin qüvvələri də, Fransa da və digər dairələr də sanki əlləri kəsilmiş olur və o silahları, mövqeləri Azərbaycana qarşı təzyiq imkanlarını itirirlər. Ona görə də Paşinyan bunu çox yaxşı dərk edərək söyləmişdi ki, biz 100 illər ərzində ancaq düşmənçilik modunda olmuşuq, biz bu durumu dəyişməliyik, əks halda hansısa imperiyapərəst qüvvələrin əlində alət olacağıq. Çox doğru və yerində yeni işlənmiş ifadələrdir, mühüm tezislərdir. Hətta erməni xalqının gələcək həyatı baxımından konseptual bir mövqedir. Amma bunun paralelində təəssüf olsun ki, Xankəndidə yaşayan ermənilərin hüquq və təhlükəsizliyi adı altında sanki bir tələ yaradılır. Necə ki, 100 illər əvvəl bu muxtariyyət məsələsindən yararlanaraq sonradan müstəqilliyə gedən yolu həmin statusun üzərindən qurdular, indi də əlahiddə bir təhlükəsizlik qarantiyaları istəyirlər".

Zahid Oruc Fransa səfirinin səsləndirdiyi sərsəm bəyanata da toxundu:

"Fransanın səfiri bəyan etmişdi ki, onlar Xankəndidə yaşayan ermənilərin təhlükəsizliyinə zəmanət verməyə hazırdır. Bu nə cəfəng bir yanaşmadır? Düşünürəm ki, buna rəsmi münasibət də olacaqdır. Yəni söhbət nədən gedir? Axı Azəbaycan qəti bir şəkildə ora hücum etmək və bütün erməniləri tərksilah edib oradan çıxarmaq, etnik təmizləmə aparmaq, ermənisiz Xankəndi qurmaq kimi bir niyyətdə, mövqedə deyil. Bu, yolverilməz yanaşmadır, əksinə, ermənilərin hamisi kimi çıxış etmək istəyən qüvvələr məhz bu insanlara böyük zərbə vururlar. 30 il bundan əvvəl Köçəryanlar, Sərkisyanlar məhz erməni xalqının kürəyinə, çiyinlərinə çıxaraq sonra hakimiyyəti zəbt etdilər və bunun ağrısını ən çox yaşayan da elə bu sadə vətəndaşlardır. Ona görə də hər iki yolun işlənməsi o demək olacaq ki, gerçəkdən də bu məsələ ətrafında səngər quran, humanitar cəbhə açıb, onun üzərindən iqtisadi-biznes maraqlarını sürdürən dairələrin mövqelərinə zərbə vurulsun. Ancaq bu gün yenə də Azərbaycanın xarici siyasət idarəsi açıqlama veribdir ki, hər iki yolun işləkliyinə Ermənistan tərəfi zərbə vurur. Niyə? Çox maraqlıdır. Sual ritorik deyil, həqiqətdir. Ona görə ki, konfrantasiya mühiti yalnız Paşinyanın ziyanınadır, yerdə qalanların çoxunun xeyrinədir. Yəni Ermənistan baş naziri yaxşı dərk edir və anlayır ki, bu sənədləri imzalamasa, öz missiyasını yerinə yetirməmiş öz millətinin tarixində daha ağır və qara izlərlə qalacaq. Çoxları onu məhz məğlubiyyətə görə suçlandırıb bəlkə də qətlə yetirdilər, sui-qəsd təşkil etdilər. Amma iş ondadır ki, bu gün əgər Ermənistan tərəfindən Azərbaycanla belə razılaşma imzalanacağı təqdirdə görün nə qədər dövlət öz mövqeyini itirir, onların gərək strategiyalar, planları dəyişsin, təzədən hansı layihələr tərtib etsinlər ki, bölgədə öz nüfuzlarını necə sürdürsünlər. ABŞ gəlib İrəvanda 100 nəfərə çatan heyətilə, iki generalı ilə hansı hədəflərə qarşı təlim verirlər? Yəni onların bu "Qafqaz Qartalı" kimi caynağına almaq niyyətindədir? Amerika gəlib İrəvan üçün döyüşməyə hazırdır? Kimlə? İranla? Axı onlar əksinə, aralarında yaxşı münasibətdən danışırlar. Çox unikal bir dünyada təzad yaranıbdır. Deməli, İranın mühüm rəsmiləri bəyan edirlər ki, əgər Azərbaycan tərəfdən Ermənistana hücum olarsa, bu halda İran əsgərləri, ordusu İrəvanın, yəni ermənilərin mövqeyinə dəstək verəcəkdir və bu çox bağışlanmayan səhvə səbəb olacaqdır.  Amerika ilə İranın həqiqətən də maraqları toqquşursa və bu gerçəkdən də belədir, 30 ildən artıqdır ki, bu konfrantasiya qlobal sistemdə gərginlik yaradır. Necə olur ermənilər onların arxasında belə uğurla gizlənə bilirlər. Nə qiymətlidirlər ki, iki düşmən dövlət gəlib, eyni alyansda, eyni cəbhədə, eyni səngərdə erməniləri qorumuş olsun. Onlar Azərbaycanın mövqeyini görürlər, yaxşı anlayırlar və başa düşürlər ki, Zəngəzur dəhlizi bir anın içində açılsa və Naxçıvanla kommunikasiya qurulandan sonra Türkiyə geniş coğrafiyalarda bu bölgədə proseslə işləyəcəkdi. Milyon tonlarla yük dövriyyəsi, insanların 30 il ərzində yaranmış qatı nifrəti müəyyən dərəcədə azaldacaqdı. Bundan kənarda qalan dairələr sayacaqdılar ki, Bakının neftini hansı formada beynəlxalq bazara ucuz çıxarılsın, bizdən onu daha aşağı qiymətlərlə almaq üçün ölkəmizə geopolitik mövqeyinə təzyiq edə bilərlər. Ona görə öz özlüyündə biz hazırkı anda iki, üç, beş yoldan deyil, məsələ ətrafında Azərbaycan və Ermənistanı və bütövlükdə regionu öz təsir dairəsində saxlamaq istəyən qüvvələrin vuruşmalarını görürük. Bir-birinin ardınca indi dünya xəritəsində xüsusi olaraq heç vaxt belə qabarmamış, Laçın yolu, Ağdam məntəqəsi və sairdən bəhs edirlər. Nə baş verib? Məgər bu bölgədə həqiqətən də Yaxın Şərqdəki kimi qlobal güclərin toqquşma arealı olmalıdır? Regiona Ukraynanın üzərindən Rusiya ilə savaş aparan NATO-çular gəlməlidir ki, hansısa dəhlizlər, yollar açılsın? Paşinyanı da məcbur edirlər, söyləsin ki, Rusiya sülhyaradıcı qüvvələri öz missiyasını yerinə yetmir, Rusiyadan öz təhlükəsizlik qarantiyalarını artıq ala bilmir və bir günün içində səhər oyanacaqdı ki, Rusiya bu regiondan gedib. Bu 100 illər ərzində deyilməyən, görünməmiş bir hadisələrdir və əvəzində bölgədə kimsə sevinməsin. Yəni bunu ona görə söyləmir ki, Moskvaya nifrət edir, Kremlin ixtilafı var. Yox, bu üçüncü, dördüncü dövlətləri bura gətirmək üçün qurulan ssenarilərdir. Kimsə iddia edir və əmin-arxayındır ki, Amerika Birləşmiş Ştatlarının bölgəyə gəlməsindən həmən sonra region çiçəklənməyə və rifaha qovuşacaq? Onda niyə bu Əfqanıstan həmin gündədir? İraq da 10 illərdir savaş meydanı olaraq qalır, Liviyadan hələ danışmırıq. Ona görə də Azərbaycan addım-addım strateji hədəflərinə doğru gedir. Çox ümidvarıq ki, ermənilər nəhayət, başa düşürlər ki, onların "aclığı" pərdəsini önə verənlər onun arxasında çox böyük toxluq ssenariləri cızanlardır".

Humay İSGƏNDƏRLİ