"ABŞ Ermənistana görə Azərbaycana qarşı açıq təzyiqlər nümayiş etdirir" - Deputat

 18:21 18.09.2023     361

"ABŞ öz maraqlarını təmin etmək üçün müxtəlif regionlarda fərqli siyasət yeridir. Çox təəssüflər olsun ki, 30 ilə yaxın müddət ərzində işğal altında qalan Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün ABŞ Azərbaycana zərrə qədər də olsun dəstək göstərmədi və Ermənistana təzyiqlər etmədi. Hərçənd ki, ATƏT-in həmsədrlərindən biri kimi ABŞ bunu edə bilərdi və sülh yolu ilə münaqişənin həllinə öz töhfəsini verə bilərdi".

Bunu Redaktor.az-a Amerika Birləşmiş Ştatlarının konqresində keçirilən anti-Azərbaycan dinləmələrinə münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev söylədi.

O, bildirdi ki, xüsusilə də erməni lobbisinin təsiri altında olan ABŞ konqresmenləri, ABŞ-da fəaliyyət göstərən beynəlxalq təşkilatlarda çalışan ekspertlər, jurnalistlər, hüquq müdafiəçiləri, bunlar birbaşa olaraq Amerikanın seçki siyasətində ermənilərin dəstəyini ala bilmək üçün mütəmadi olaraq Ermənistana dəstək nümayiş etdirir:

"Seperatçılar dəfələrlə Amerikaya səfərlər edərək oradakı erməni lobbisinin dəstəyi ilə özlərinin büdcələrini formalaşdırmaq üçün ianələr topladılar və bu günlərdə Ermənistan uğrunda Cənubi Qafqazda açıq mübarizə getməkdədir. ABŞ üçün çoxdan arzuladığı bir məqam yetişib və ABŞ düşünür ki, Ermənistanı müdafiə edə bilmək üçün, Ermənistanı tamamilə öz tərəfinə çəkə bilmək üçün, Ermənistanı Rusiyanın təsirindən tamamilə çıxarda bilmək üçün Azərbaycan əleyhinə müxtəlif dinləmələr keçirilməli, Azərbaycana təzyiqi daha da artırmalı və Ermənistan daxilində Paşinyan hökumətinin mövqeyini daha da gücləndirməlidir. İstənilən halda bu günə qədər ABŞ İslam düşmənçiliyini ən çox təbliğ edən hegomon dövlətdir. Təəssüflər olsun ki, ABŞ tərəfindən başladılmış müharibələrin heç birində əsaslı faktları olmayıb və bu gün də demokratiya adı altında həmin ölkələrdə, həmin regionda xaos davam etməkdədir. Avropanı, Türkiyəni, dünyanı bürüyən qaçqın təhlükəsi günü gündən də artmaqdadır və bütün baş vermiş bu hadisələrin də əsas günahkarlarından biri ABŞ-dır. Çox təəssüflər olsun ki, ABŞ Ermənistanı dəstəkləmək məqsədilə Azərbaycana qarşı açıq təzyiqlər nümayiş etdirməkdədir və ABŞ Konqresində keçirilən dinləmələr buna bariz nümunədir. İstənilən halda Azərbaycanın mövqeyi açıqdır, Azərbaycanın mövqeyi aydındır. Biz regionda uzunmüddətli və dayanıqlı sülhü əldə etmək istəyirik".

Millət vəkili vurğladı ki, hazırda Ermənistana nümayiş etdirilən bu dəstək əslində İrəvan üçün heç də fayda kəsb etmir:

"Nəticə etibarilə bir müddət sonra Amerika maraqları tam təmin edildikdən sonra mən düşünürəm ki, Ermənistan hökuməti yenə də çətin vəziyyətdə qalacaqdır və özünə yeni ağalar axtarışına çıxacaqdır. Biz bu günləri BMT-nin dörd qətnaməsini öz gücümüz hesabına reallaşdıra bilmişik, təmin edə bilmişik və Azərbaycanın gücü, qüdrəti imkan verir ki, gələcək layihələrimizi, planlarımızı da reallaşdıraq.  Azərbaycan Ermənistanı sülhə məcburetmə siyasətini uğurla həyata keçirərək regionumuzun təhlükəsizliyi üçün və sərhədlərimizin toxunulmazlığını təmin edə bilmək üçün Ermənistanla sülhün imzalanmasına nail olacaqdır. Ermənistana dəstək nümayiş etdirən, erməni lobbisinin təsiri altında olan ABŞ konqresmenləri və yaxud dünyanın müxtəlif ölkələrində Ermənistana havadarlıq edən dövlətlərdə olan rəsmilərin Ermənistana heç bir faydası yoxdur. Çünki faktiki olaraq regionda söz sahibi, regionda diktə edən tərəf Azərbaycandır. Azərbaycanın 44 günlük Vətən müharibəsinin yaratdığı reallıq hər kəs tərəfindən qəbul edilir və Ermənistan da bəzən bu reallıqları qəbul edir. Ancaq təəssüflər olsun ki, havadarlarının onlara verdiyi dəstək imkan vermir ki, onlar sülh masasında otursunlar və onlar da sülhün imzalanmasına öz töhfələrini versinlər. Biz bu günə qədər çoxlu bu cür təsirləri və təzyiqləri görmüşük. Dəfələrlə Azərbaycan əleyhinə qətnamələr qəbul etdirə biliblər və keçirilmiş dinləmələrin heç bir hüquqi əsası yoxdur. Bu baxımdan da biz əminliklə deyə bilərik ki, Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında sıx birləşib. Biz cənab Prezidentə sonuna qədər inanırıq və necə ki, 44 günlük Vətən müharibəsində biz qələbə çaldıq, zəfər çaldıq inanırıq ki, bu günə qədər əldə etdiyimiz digər sahələrdə diplomatiya, siyasi informasiya sahəsindəki qələbələrin sayı daha da artacaqdır. Bizə qarşı həyata keçirilən dezinformasiyalar iflasa uğrayacaqdır, Azərbaycan qarşısına qoyduğu məqsədləri reallaşdıracaqdır".

Humay İSGƏNDƏRLİ