"Bunun sonu anti-terror əməliyyatlarının keçirilməsinə gətirib çıxara bilər" - Deputat

 12:24 19.09.2023     378

Xəbər verdiyimiz kimi, qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 4 polis əməkdaşı həlak olub.

Eyni zamanda yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus və sözügedən yolda çalışan “Howo” markalı yük maşını tank əleyhinə minaya düşüb, nəticədə agentliyin 2 əməkdaşı həlak olub.

Ermənilərin növbəti təxribatı haqqında Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a danışdı.

Deputat dedi ki, Azərbaycana qarşı mina terroru davam etməkdədir:

"Dəfələrlə erməni separatçıları, eyni zamanda Ermənistanın Qarabağ ərazisində olan qeyri-qanuni hərbi birləşmələri mina basdıraraq Azərbaycan vətəndaşlarına qarşı terror aktlarını həyata keçiriblər. Bu da əsasən böyük köçün qarşısının alınması, infrastrukturların bərpasına zərbə vuran ən ciddi məqamlardan biridir. Dəfələrlə bu haqda beynəlxalq təşkilatlara, eyni zamanda böyük dövlətlərə müraciətlər olub. Hətta minaların təmizlənməsi ilə bağlı Ermənistana müraciətlər olub ki, xəritələri təqdim etsinlər. 2020-ci ildən üç il keçməsinə baxmayaraq, xəritələrdən heç bir xəbər yoxdur. Təqdim olunan xəritələr də demək olar ki, yalan xəritələrdir, orada minaların basdırdığı ərazilər göstərilmir. Son hadisə də həm Daxili İşlər Nazirliyinin əməkdaşlarıyla bağlı, eyni zamanda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndələri ilə bağlı baş verən hadisələr bu həyəcanı daha da çoxaldır. Ən əsas məqam da ondan ibarətdir ki, qələbədən sonra il yarım ərzində orada işlər gedib, yol strukturları, infrastrukturları bərpa olunub. Lakin belə bir hadisə baş verməmişdi. Deməli, belə bir fərziyyə irəli sürülür ki, mütləq şəkildə bu sonradan basdırılmış minalardır və Dövlət Təhlükəsizliyi Xidmətinin terrorla bağlı qaldırdığı cinayət işi bunu bir daha sübut edir və məlum məsələdir ki, bu sonradan basdırılmış minalardır. Baxmayaraq ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdir, burada yeni minalar aşkarlanmaqdadır və bu son terror hadisələri də bunun bir daha sübutudur".

A.Nağıyev hesab edir ki, baş vermiş hadisə Qarabağda anti-terror əməliyyatının keçirilməsinə əsas verir.

"Artıq həmin o qeyri-qanuni hərbçilərə qarşı mütləq şəkildə anti-terror əməliyyatı keçirmək zəmini yaranıb və bu proseslər həmin hərbçilərin ərazidən qovulması və yaxud onlara qarşı hərbi əməliyyatların keçirilməsinə gətirib çıxara bilər. Bunu böyük dövlətlər də bilməlidir, Ermənistan da bilməlidir, terrorçular da, hansı ki, separatçı qüvvələrin ətrafında birləşib, onlar da bilməlidir və özləri üçün nəticə çıxarmalıdır. Ermənilərin havadarları da mütləq şəkildə buna ciddi reaksiya verməli, o terror hadisəsinin törədilməsi ilə bağlı cinayət işinə köməklik göstərməlidirlər. Birmənalı şəkildə qeyd edirəm ki, bunun sonu anti-terror əməliyyatlarının keçirilməsinə gətirib çıxara bilər. Digər məsələ də ondan ibarətdir ki, ermənilər, onların havadarları humanitar yardımla bağlı şoular düzəltməkdənsə, məhz bu proseslərə daha ciddi yanaşmalıdırlar. Çünki nəyin bahasına olur olsun, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və edəcəkdir. Orada hər hansı bir qüvvələrin qeyri-qanuni qalmasına yol verilməyəcəkdir. Bir daha qeyd edirəm ki, bu terror aktıdır və bu terror aktının cavabı veriləcəkdir", - deyə deputat vurğuladı.

Humay İSGƏNDƏRLİ