"İsrarla öz ərazimizdə olan bütün abidələrin bu cür siyahılarda yer almasını təmin etməliyik"

 15:11 19.09.2023     211

Bildiyimiz kimi Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-ya daxil edilməsinə qarşı çıxıb. 

Belə ki, UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb.

Bu bir daha Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir.

Məsələ ilə bağlı Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Redaktor.az-a danışdı.

Deputat söylədi ki, çox cəfəng bir müqavimətdir və bu torpaqlar Azərbaycanın ərazisidir və Azərbaycan da bunu öz ərazisində olan tarixi abidələr kimi siyahıya saldıra bilər:

"Ona görə də bu gülünc bir şey yaradır. Əslində onların belə gülünc məsələlərdə mövqe ortaya qoyması bizim xeyrimizədir. Nə qədər bu adamların hələ də işğalçı və dar zehniyyətli bir yanaşma ilə məsələlərə baxdığını göstərən əsas amillərdən biridir. Ona görə də bu, bizi narahat etməməlidir. İsrarla öz ərazimizdə olan bütün abidələrin bu cür siyahılarda yer almasını təmin etməliyik".

Humay İSGƏNDƏRLİ