"Anti-terror əməliyyatlarından sonra Ağdərə-Kəlbəcər yolundan sərbəst gediş-gəliş bərpa olunacaq" - Deputat

 18:23 19.09.2023     496

"Son zamanlar baş verənlər göstərirdi ki, anti-terror əməliyyatlarının aparılması qaçılmazdır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov hazırda Qarabağ bölgəsində Azərbaycan Ordusunun apardığı anti-terror əməliyyatlarına münasibət bildirərkən söylədi.

O, dedi ki, Vətən müharibəsi bitdikdə imzalanmış üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfi üzərinə düşən öhdəlikləri icra etmədi:

"Birinci növbədə Qarabağda olan qeyri-qanuni silahlı birləşmələr təmizlənmədi, mütəmadi olaraq anti-terror əməliyatının aparılmasına şərait yaratdılar. Öz mövelərindən Azərbaycan ordusunun mövqeləri istiqamətində daim odlu silahdan atəş açdılar, minalardan təmizlənmiş ərazilərə yenidən minalar basdıraraq mülkü əhalimizin və polislərimizin həlak olmasına gətrib çıxardılar. Bu cür cinayətkar addımlar sonda anti-terror əməliyyatına gətirib çıxardı. Ermənistan tərəfi başqa çıxış yolu qoymadı, Azərbaycan tərəfini məcbur etdi ki, öz konstitusiya hüquqlarını bərpa etsin".

A.Məmmədov vurğuladı ki, Azərbaycan ərazisində qeyri-qanuni hərbi birləşmələrin qalmasına imkan verməməlidi və vermir.

"Ölkəmiz həmişə səbr nümayiş etdirib, humanitar məsələlərin dinc yolla həll olunmasına çalışıb, lakin bu məsələdə anti-terror əməliyyatının aparılmasını ermənilər məcbur etdi. Son vaxtlar atəşkəsin pozulması da intensiv xarakter almışdı. Bu əməlliyatı alqışlayırıq, Allah Azərbaycan ordusunu qorusun. Kəlbəcərə əsas yol Ağdərədən keçir, orada da qeyri-qanuni erməni silahlı birləşmələri var. Güman edirəm ki, anti-terror əməliyyatları başa çatdıqdan sonra Ağdərə-Kəlbəcər yolundan sərbəst gediş-gəliş bərpa olunacaq", - deyə deputat bildirdi.

Humay İSGƏNDƏRLİ