"Şərtlərə əməl edilməyəcəyi təqdirdə antiterror tədbirləri dayandırılmayacaq" - Deputat

 12:54 20.09.2023     347

Xəbər vediyimiz kimi, Azərbaycan Prezident Administrasiyası (PA) Qarabağ bölgəsində antiterror tədbirlərinin dayandırılması üçün şərtlərini açıqlayıb. PA bəyan edib ki, bunun üçün qanunsuz erməni silahlı dəstələrinin ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli və qanunsuz rejimin özünü buraxmalıdır.

Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident Administrasiyasının bu açıqlaması ilə bağlı Redaktor.az-a danışdı.

Deputat söylədi ki, üç il ərzində Azərbaycan Ermənistana qarşı humanist siyasət həyata keçirdi, humanist mövqedən çıxış etdi, sülh danışıqlarının əldə olunması üçün müxtəlif formatlarda görüşlər oldu, hər dəfə Ermənistan tərəfi sülhə maraqlı olduğunu qeyd etdi:

"Ancaq təəssüflər olsun ki, sülhə yaxınlaşdığımız məqamda biz Ermənistan tərəfindən, separatçılar tərəfindən irimiqyaslı və müxtəlif səpkili təxribatların şahidi olduq. Nəticə etibarilə biz bu günlərdə bu təxribatların şahidi oluruq və ötən gün növbəti mina terroru nəticəsində bizim yenidən şəhidlərimiz oldu. Bu isə artıq Azərbaycanın səbr kasasının dolması demək idi və separatçıların, erməni hərbi birləşmələrinin sıradan çıxarılması və Azərbaycan torpaqlarından kənarlaşdırılması üçün tək çıxış yolu məhz lokal antiterror tədbirləri idi. Ermənistan tərəfi çox təəssüflər olsun ki, üçtərəfli bəyanatın müddəalarını yerinə yetirmək öhdəliklərinə əməl etməkdən boyun qaçırdılar və onlar təxribat yolunu seçdilər. Xatırlayırsınız, hər dəfə Ermənistan danışıqlarda səmimi olacaqlarına söz verirdiər, danışıqlar üçün hazır olduqlarını bildirdilər. Ancaq elə son üç ay ərzində Azərbaycan ərazisində yaşayan erməni əsilli əhalinin reinteqrasiyası ilə bağlı təklif edilən görüşlərdən məhz separatçılar və Ermənistan tərəfi boyun qaçırdı. Bu baxımdan da hal hazırda dünəndən başlayaraq antiterror tədbirlərinin həyata keçirilməsindən sonra yenidən danışıqlar masasına qayıtmaq istəklərini ortaya qoysalar da, Azərbaycan Prezident Administrasiyası tərəfindən verilmiş rəsmi açıqlamada qısa, konkret şərtlər yazılıb və səsləndirilib, burndan aydın olur ki, yenidən danışıqların bərpa edilməsi üçün separatçılar silah sursatı yerə qoymalıdır, ağ bayraq qaldırmalıdırlar, Azərbaycan ərazilərini qanunsuz erməni hərbi birləşmələri tərk etməlidir. Yalnız bundan sonra normal, sadə vətəndaşlarla, sakinlərlə inteqrasiya məsələləri müzakirə edilə bilər və görüş yeri də Yevlax şəhəri olaraq təyin edilibdir. Bu şərtlərə əməl edilməyəcəyi təqdirdə antiterror tədbirlərinin dayandırılması nəzərdə tutulmur. Çünki kifayət qədər biz səbr etmişik, gözləmişik. Ermənilər üçün də, separatçılar üçün də, erməni əsilli vətəndaşlar üçün də nə lazımdırsa etmişik. Xüsusilə qeyd etmək istəyirəm ki, antiterror tədbirləri eyni zamanda, xunta rejimində qanunsuz fəaliyyət göstərən separatçılardan, sadə erməni əsilli vətəndaşların əsarətinə son qoymaq, onların xilas edilməsini də həyata keçirir".

Naqif Həmzəyev vurğuladı ki, ordumuz antiterror əməliyyatları zamanı humanitar qaydalara tam olaraq əməl edir. Onun sözlərinə görə, ordumuz sərrast nişan almalarla Azərbaycan Silahlı Qüvvələri və vətəndaşları üçün təhlükə mənbəyi hesab edilən hərbçiləri, hərbi yükləri, hərbi mövqeləri, hərbi silah sursatları, hərbi anbarları sıradan çıxarır, məhv edir.

"Videogörüntülərdən də aydın olur ki, bizim mülki şəxslərlə, adi vətəndaşlarla, eyni zamanda mülki obyektlərlə, mülki infrastrukturla heç bir işimiz yoxdur. Biz yalnız və yalnız əli silah tutan separatçılar, quldur dəstələri və onlara dəstək olan hərbi geyimli hərbçilərin sıradan çıxarılması və məhv edilməsini həyata keçiririk. Dünənki müraciətdə də sadə vətəndaşların hərbi yüklərdən, hərbi mövqelərdən və hərbçilərdən uzaq durmaları, eyni zamanda hərbi geyimlər geyinməməkləri xahiş edilmişdir. Başqa bir videoda isə biz həmin sadə vətəndaşlar üçün humanitar yüklərin və humanitar ərzaqların təmin edilməsinin də şahidi olduq. Bir sözlə, bizim hədəfimiz, məqsədimiz Azərbaycan ərazisində fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin, qanunsuz dəstələrin tərksilah edilməsi, zərərsizləşdirilməsi və ərazimizdəki terror aktlarının durdurulmasıdır. Bunun üçün də Azərbaycan Silahlı Qüvvələri sonuna qədər antiterror tədbirlərini həyata keçirəcəklər, Azərbaycan Prezident Administrasiyasının irəli sürdüyü şərtlərə və qaydalara əməl olunacağı təqdirdə danışıqlar prosesi baş tuta biləcək", - deyə deputat qeyd etdi.

Humay İSGƏNDƏRLİ