"Qondarma rejimin yerləşdiyi ərazidə də müəyyən tədbirlər keçiriləcək" - Polkovnik

 17:08 20.09.2023     702

"Ermənistan hakimiyyəti və onun Qarabağda yaratdığı qondarma rejim Azərbaycanın xoş niyyətlərini anlamadı. Bir sıra təxribatlar keçirmyə başladılar, mülki şəxslərimiz, polis işçilərimiz həlak oldular və ağlagəlməz tədbirlər keçirdilər. Ona görə də Azərbaycan tərəfi antiterror əməliyyatı keçirməyə məcbur oldu".

Bu sözləri Redaktor.az-a açıqlamasında polkovnik Elşad İsayev Azərbaycan Ordusunun Qarabağ bölgəsində qələbə ilə başa çatan anti-terror əməliyyatını şərh edərkən bildirdi.

O, qeyd etdi ki, separatçılar, terrorçular görünür ki, ancaq silah gücü ilə başa düşürlər:

"Ona görə də Azərbaycan əsgəri son dərəcədə diqqətli, ehtiyatlı, yüksək peşəkarlıqla antiterror əməliyyatı keçirdi və nə qədər mövqelər, hərbi hissələr dağıldı. Azərbaycan əsgəri o qədər zərgər dəqiqliyi ilə işlədi ki, mülki şəxslərə, mülki infrastruktura toxunmadı. Azərbaycan Silahlı Qüvvələri hazırlığını bir daha nümayiş etdirdi. Silahlı Qüvvələrimiz istənilən halda, istər açıq müharibədə, istər lokal antiterror əməliyyatlarında, istər gecə müharibələrində özünü son dərəcədə yüksək peşəkar bir qurum kimi apardı. Bu, birinci növbədə Azərbaycan xalqının, Azərbaycan əsgərinin qələbəsidir. Çünki Azərbaycan əsgəri özünü, gücünü yüksək səviyyədə nümayiş etdirib. Separatçıların təslim olması ilə bağlı bundan sonra danışıqlar olacaq və müəyyən dövlət qurumlarlarının nümayəndələri ilə görüşlər keçiriləcək. Paralel olaraq güman edirəm ki, qondarma rejimin yerləşdiyi ərazidə müəyyən tədbirlər keçiriləcək. Təbii ki, burada da daxili qoşunlarımızın, polislərin üzərinə böyük məsuliyyət düşür və müəyyən tədbirlər həyata keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Ordusunun sentyabrın 19-da Qarabağ bölgəsində erməni separatçılarına və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı apardığı lokal xarakterli antiterror tədbirləri bu gün uğurla başa çatıb.

Belə ki, düşmən qüvvələri ağ bayraq qaldıraraq silahı yerə qoyublar.

Humay İSGƏNDƏRLİ