"Paşinyanın devriləcəyinə inanmıram"

 17:47 20.09.2023     530

Bildyimiz kimi, ötən gündən başlayaraq Ermənistanda vətəndaşlarla polis arasında qarşıdurma yaşanır. Buna səbəb İrəvanda etirazçıların Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb etməsidir.

Bəs, Paşinyan hakimiyyəti devrilə bilərmi?

Milli Məclisin deputatı Vahid Əhmədov Redaktor.az-a bildirdi ki, Paşinyanın devriləcəyinə inanmır.

"Tərəddüd edirəm ki, Paşinyanı devirə bilsinlər. Çünki Paşinyan son vaxtlar Rusiyaya qarşı çox ciddi tənqidlərə başladı. Ola bilər ki, Fransa və ya Amerika ona söz vermişdi ki, məsələlər həll olunacaq. Amerika gəldi, orada təlimlər keçirdi. Bunu da şişirtdilər ki, guya Amerika qoşunları ora toplaşıb. Əslində Amerika bütün dövlətlərlə birgə təlimlər aparır. Onsuz da Rusiya istəyir ki, Paşinyanı devirsin. Rusiyayönümlü qüvvələr də, Köçəryan da bu işdə fəaldırlar. Amma mən onun devriləcəyinə o qədər də inanmıram. Paşinyan ağıllı olsaydı bütün məsələni həll edərdi" -  deyən deputat onu da qeyd etdi ki, Ermənistanda polislə vətəndaş arasındakı münaqişə adət halını alıb. 

Humay İSGƏNDƏRLİ