"Kürdəmirdə olan idarəçilik sistemi Xankəndidə də tətbiq ediləcək"

 18:17 20.09.2023     543

"Ermənilər məğlub tərəfdirlər, ağ bayraq qaldırıblar. Onlar Azərbaycan cəmiyyətinə inteqrasiya etməlidirlər".

Bunu Redaktor.az-a politoloq Qabil Hüseynli Qarabağın erməni sakinlərinin Azərbaycan Prezident Administrasiyasının Yevlaxda görüş keçirmək çağırışı ilə razılaşması barədə danışarkən bildirdi.

Onun sözlərinə görə, sentyabrın 21-də - sabah Yevlaxda keçiriləcək görüşdə inteqrasiya barədə danışıqlar aparılacaq:

"Necə ki, sovet illərində Azərbaycan cəmiyyətinin vətəndaşı olublar, indi yenə də həmin məsələlər müzakirə olunacaq. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi müzakirə ediləcək, Azərbaycan Konstitusiyasına uyğun olaraq həm pasportlaşdırılması, həm də idarəetmə qaydaları müzakirə ediləcək. Yəni, Azərbaycanın hər hansı bir nöqtəsində olduğu kimi, məsələn, Kürdəmirdə olan idarəçilik sistemi də həmin ərazilərdə tətbiq ediləcək. Bu proseslər birdən-birə sürətli olmayacaq, yavaş-yavaş həyata keçiriləcək. Bəzi beynəlxalq təşkilatların tövsiyəsi də burada meydana çıxa bilər. Amma hər halda bunlar artıq Azərbaycanın nəzarəti altında olan bölgəyə çevrilir. Bu ərazilər üzərində Azərbaycanın suverenliyi tam təmin olunur. Bunlar Azərbaycan cəmiyyətinin bir hissəsi kimi başdan aşağıya, yəni Bakıdan Xankəndiyə qədər, şaquli istiqamətdə tabeçilik prinsipləri üzrə bizim cəmiyyətə tabe olacaq".

Humay İSGƏNDƏRLİ