Kreml Putinlə Paşinyanın telefon söhbəti barədə məlumat yaydı

 22:06 20.09.2023     470

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb və onunla Qarabağ ətrafında vəziyyətin inkişafını müzakirə edib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. "Dağlıq Qarabağ" ətrafındakı vəziyyətlə bağlı son hadisələr müzakirə olunub", - məlumatda deyilir.

Telefon danışığında tərəflər Rusiya sülhməramlılarının Qarabağda gələcək fəaliyyəti, o cümlədən mülki əhaliyə yardım göstərilməsi məsələlərini müzakirə ediblər.

“Çətin şəraitə baxmayaraq, sülhməramlılar qarşıya qoyulan tapşırıqları dəqiqliklə yerinə yetirməkdə və mülki əhaliyə və qaçqınlara, o cümlədən hərbi həkimlər vasitəsilə hərtərəfli yardım göstərməkdə davam edirlər”, - Kremlin söhbətdən sonra verdiyi bəyanatda deyilir.

Putin Paşinyanla söhbətində Qarabağda münaqişənin kəskin fazasını aradan qaldırmağın mümkün olduğunu məmnunluqla qeyd edib.

Rusiya prezidenti Bakı ilə Xankəndi arasında hərbi əməliyyatların dayandırılması və danışıqların aparılması haqqında razılaşmanı alqışlayıb.

Qeyd edək ki, daha öncə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti Paşinyanla Putinin telefon danışığı barədə məlumat yaymışdı.

Turan İSMAYIL