"Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanması məsələsi də gündəm olmalıdır"

 11:30 21.09.2023     607

Lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri bu gün görüş üçün Yevlax rayonuna gəlib.

Maraqlıdır, bu görüşdə ermənilərdən tələblərimiz nə olacaq?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Redaktor.az-a danışdı.

O, dedi ki, Qarabağın erməni icması ilə Azərbaycan hökuməti arasında artıq danışıqlara başlanır:

"Danışıqlar Yevlax şəhərində keçirilir və bu danışıqlarda bir sıra müddəalar olacaqdır. Bunlardan biri Ermənistanın ərazimizdə olan hərbi birləşmələrinin qalıqlarının ərazimizi tərk etmələridir. Kiçik çaplı silahlar təhvil verilməli, böyük çaplı silahlar da utilizasiya üçün təqdim olunmalıdır. Bundan başqa, reinteqrasiya məsələləri ilə bağlı məsələlər müzakirə olunmalıdır və inteqrasiya ilə bağlı da məlum məsələdir ki, Azərbaycan bayrağı və Konstitusiyasına uyğun olaraq onların yaşam tərzi, digər məsələlər də, minaların xəritələrinin verilməsi, eyni zamanda məzarların yerinin deyilməsi də düşünürəm ki, müzakirə obyekti ola bilər. Əsas məsələ, yəqin komissiyaların təşkili və bu proseslərin sona yetməsi, dinc əhali ilə bağlı problemlərin həlli, qeyd etdiyim kimi, kütləvi məzarlıqları yerinin deyilməsi, bütün proseslər Azərbaycanın diqtəsi ilə keçirilməlidir. Eyni zamanda Xankəndi üzərində Azərbaycan bayrağının dalğalanması məsələsi də gündəm olmalıdır. Yəni çox ciddi, mühüm bir görüşdür və düşünürəm ki, Azərbaycan hökumətinin bir daha erməni separatçıları, erməni quldurları və hərbi birləşmələri üzərində qələbəsinin bariz nümunəsidir".

Humay İSGƏNDƏRLİ