"Ali Baş Komandana məruzə səsi Xocalıdan, Xocavənddən və Xankəndidən gələcək" - Zahid Oruc

 16:13 21.09.2023     1226

Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçılar və Ermənistan silahlı qüvvələrinin bölmələri ağ bayraq qaldıraraq təslim oldular.

Artıq bu gün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax rayonunda görüşü keçirildi, onların reinteqrasiyası məsələləri müzakirə olundu.

Bəs, Azərbaycan Qarabağ ermənilərinə hansı hüquqları verə bilər?

Mövzu ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Redaktor.az-a danışdı.

Komitə sədri dedi ki, Azərbaycan onlara vətəndaşlıq hüququ verəcək:

"Heç şübhəsiz ki, bu, hər zaman elan olunubdur. Burada müstəsna hüququ tələb edəndə separatizmə, təcavüzkarlığa, qlobal dünyanın ayrı-ayrı maraqlı dairələrinin əlində yemə çevrilmək durumu yaradırdı. Uzun illər söyləyirdik ki, axı burada yaşayan rus xalqının nümayəndələri özləri bir muxtariyyət tələb etmirlər, çünki bunun üçün zərurət yoxdur. Ya da ki, ölkənin unitar bütövlüyü içərisində, hətta Naxçıvanın məlum tarixi ayrı düşməsi səbəbi olmasaydı, bizim ölkəmiz üçün belə bir inzibati quruluş tələb edilməzdi. Biz nəyə şahidlik edirik? Faktiki olaraq ortada olan mənzərə bundan ibarətdir ki, yeddi rayonun darmadağın edilməsi fonunda mühüm bir hissəsinə ki, mina əkilibdir, özlərinə təhlükəsiz zolaq adı altında təhlükə zolağı yaradıblar. İnsan elə bir psixoloji varlıqdır ki, o, gözünün qarşısında gördüyü dağıntıları evə daşıyır, təsərrüfat həyatında daşıyır, gündəlik həyatında onu hiss edir, dünya baxışında hiss edir, təhsildə hiss edir. Gözünün qabağında Şuşa Paşinyanın sözü ilə "mraçnıy qorod"u (tutqun şəhər - red.), zülməti xatırladır. Yəni onların bu 30 illik nəzarət altında olduğu dövrdə onun harası şəhər olub? Viranəyə çevrilib. 120 min rəqəmi ki var, həqiqətən də heç kəs onu ortada görə bilməyəcək. Baxın, dünən Ermənistanın miqrasiya işləri üzrə rəhbəri bəyan etdi ki, heç bir nəfər də olsun hələ ki, Xankəndidən gələn köçkün qəbul etməyiblər. Deməli, Xocalı hava limanında göstərilən mənzərədəki 2160-dan artıq şəxs yəqin geri qaytarılırlar. Rusiya sülhyaradıcı qüvvələri 5 mindən artıq insanın təxliyə edildiyini vurğulayıblar. Hansı ki, onlardan bir hissəsi Ağdərə yolunun Ermənistandan qalan silahlı qüvvələri və özlərinin iddia etdikləri yerli müdafiə batalyonları idi. Hansı ki, Azərbaycan əsgəri görürsünüz, çox rahatlıqla bu yolu keçir. Kəlbəcərə artıq Ağdərə üzərindən gediləcək. Azərbaycan xalqının tarixən açdığı, tikdiyi yaratdığı yol, nəhayət, indiki halda işlək olacaq. Saatlar sonra bütün coğrafiyada mühüm ərazilərin tam nəzarətinin, Azərbaycan polisində, Daxili Qoşunlarda, ümumiyyətlə, bir sözlə silahlı qüvvələrimizin nəzarətində olduğunu görəcəksiniz. Ölkə rəhbəri bəyan etdiyi sülh konsepsiyası yalnızca Xankəndində yaşamaq istəyən ermənilərə deyilmir. Düşmənçilik sindromundan çıxmaq asan deyil. Amma görürsünüz, ölkə başçısının dediyi kimi, o zəhər tuluğu, bu məkanı daimi iflic edən və 100 illərlə üçüncü dövlətlərin əlində alətə çevrilən bu separatizm hissi, ideologiyası bir günlük antiterror hərəkatı ilə zərbə alan kimi nə baş verdi? Xəbərlər yayırlar ki, Azərbaycan polisi Xankəndinin giriş hissəsində postlar qurub proseslərə nəzarət edir və yavaş-yavaş onların hərbi qüvvələri, texnikası ordan çıxır. Bu fonda artıq cəmiyyətə bir qədər rahat nəfəs alma gəlir və onların özü də bundan bəhrələnə bilərlər".

Zahid Oruc vurğuladı ki, cənab prezidentin bəyan etdiyi kimi sosial hüquqlar, ictimai hüquqlar, təhsil hüquqları və sair məsələləri onlara bərqərar etmək mümkündür.

"Orada yaşamaq istəyən ermənilər Azərbaycan Konstitusiyasının onlara verdiyi mümkün səlahiyyətlərin hamısından bəhrələnə biləcəklər, seçib-seçilmək hüququ daxil bütün bu məsələlərdə iştirakçı ola biləcəklər. Ona görə də kimsə də bu məsələnin üzərinə getməsin ki, bizdə bələdiyyə sisteminin gücü artıqdır, əskikdir, seçki proseslərinə münasibət necədir. Azərbaycanda yaşayan insanlarımız, etnik qruplar hüquqlarımızdan faydalandığı kimi, ermənilər üçün də bu hüquq təsbit oluna bilər. Biz indiki halda Azərbaycan Konstitusiyasının bütövləşdiyini görürük, üç il əvvəlki savaşımız bizi bütövlüyümüzə qovuşdurdu. Cənab Pezident dünən vurğu etdi ki, məhz suverenlik qələbəmiz oldu. Suverenlik konstitusiyasının modeli isə Xankəndi, Xocalı və Xocavənd üçün tam şəraitin yaranmasıdır. Ona görə də görəcəksiniz ki, Azərbaycan əsgərinin və ya polisinin qələbə səsi, hesabat səsi, Ali Baş Komandana məruzələrin səsi Xocalıdan, Xocavənddən və Xankəndidən gələcək. Buna əmin olun", - deyə komitə sədri vurğuladı.

Humay İSGƏNDƏRLİ