20 sentyabr 2023-cü il saat 13:00 reallığı nələri necə dəyişdi və dəyişdirəcək?

 10:21 23.09.2023     1282

Artıq bir neçə gündür, Azərbaycan dövləti və xalqı tarixinin yeni dönəminə qədəm qoymuşdur. Sentyabr ayının 19-20-də, cəmi 23 saat ərzində Qarabağda aparılan uğurlu lokal antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının sonuncu dəfə 1991-ci il Alma-atı Bəyannaməsi ilə qəbul olunmuş rəsmi dövlət sərhədləri tamamilə bərpa edilmişdir. Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü növbəti dəfə öz gücü və imkanları hesabına təmin edilmişdir.  Xalqımız üçün son dərəcədə ağır və mürəkkəb tarixi şəraitdə keçən 32 illik bir dönəm Azərbaycanın yeni Zəfəri ilə möhürlənmişdir. İkinci Qarabağ müharibəsi ilə təməli qoyulmuş mövcud uğurlu zəmin üzərində tariximizin sonrakı zəfər səhifələrinin yazılacağına inam daha da möhkəmləndirilmişdir.

Onu da qəbul edirik ki, hadisələr təzəcə baş verdiyindən hələ bir çox detallar tam məlum deyil, ya da açıqlanmayıb. Digər tərəfdən, proses davam edir və bəzi detalların bu gedişatda məlum olacağı istisna deyil.

Birincisi, Azərbaycanla Ermənistan arasında Rusiya Federasiyasının vasitəçiliyi ilə imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndini, ­– “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”, – Azərbaycan öz gücü ilə reallaşdırdı. Hazırda müvafiq dövlət qurumlarımızın nümayəndələrindən ibarət şəxslər tərəfindən Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah olunması və Azərbaycan ərazisindən çıxarılması prosesi davam etdirilir. Halbuki 3 ilə yaxın bir dövrdə Ermənistan nəinki bu öhdəliyin yerinə yetirlməsinə cəhd göstərmirdi, əksinə onu əvəz etmək üçün bölgədə yerləşən məlum sülhməramlı kontingentin və bu ölkəni revanşizmə həvəsləndirən dövlətlərin (Fransa, Hindistan, İran və sair) və qüvvələrin dəstəyi ilə daha intensiv silahlanmaqda idi.

Ermənistan rəhbərliyi səviyyəsində Qarabağın Azərbaycan ərazisi kimi tanımasından sonrakı müddətdə də Ermənistan silahlı qüvvələri Azərbaycanın cuveren ərazisindən çıxarılmadı, əksinə qnunsuz silahlanma, yeni silahlı dəstələrin hazırlması, yerli separatçıların növbəti təxribatlara həvəsləndirilməsi, mövqelərimiz qarşısında istehkamlar qurulması cəhdləri və sair hərəkətlərə rəvac verilməsi halları daha da artmaqda idi. Nəticə, zirehli texnika, artilleriya, hava hücumuna qarşı ən müasir qurğuların, radioelektron mübarizə vasitələrinin, zirehli nəqliyyatın, müdafiə istehkamlarının, bir sözlə, hərbi infrastrukturun məhv edilməsi ilə bir hissəsi “yardım” olan yüz milyonlarla vəsaitin göyə sovrulması. Gözlənilən son da demək olar.

Məlumata görə, artıq qanunsuz erməni silahlı birləşmələrinin mövqelərindən çıxarılması və silahlarının təhvil verilməsi prosesi başlamışdır. Mümkün qədər sürətli aparılmasına çalışılan bu prosesin qarşısını almaq xülyasına düşənlərə 2020-ci ilin 27 sentyabr–8 noyabr və hələ istisi canlarından çıxmayan 2023-cü ilin 19-20 sentyabr tarixlərini salmaq istərdik.

İkincisi, bu gün Qarabağda və Şərqi Zəngəzurda dinc quruculuq işləri ilə məşğul olan, tarixi torpaqlarımıza, öz dədə-baba yurdlarına qayıdaraq yeni firavan həyatına başlayan insanlarımız Ermənistanın mina terrorundan xilas edildi. Çöx təəssüf ki, Ermənistanın İkinci Qarabağ müharibəsindən əvvəl və sonra gətirib Qarabağda və Şərqi Zəngəzurda məqsədyönlü şəkildə yerləşdirdiyi minalar 300 nəfərdən çox azərbaycanlı həyatını itirmiş, yaxud ağır yaralanmışdır. Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyatının başlanmasının səbəbi də sentyabr ayının 19-da 2 nəfər mülki vətəndaşımızın və 4 nəfər polis əməkdaşının mina fəlakətinə qurban getməsi olmuşdur. Azərbaycana qarşı başladılmış amansız mina terrorunun dayandırılması böyük turizm potensialı olan bölgəyə xarici sərmayə yatırımı və turist axını baxımından da uğurlu olacaqdır.

Üçüncüsü, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə sürətlənən bölgənin separatizmdən və terrorçuluqdan xilasetmə prosesini Azərbaycan dövləti siyasi iradə, ardıcıl diplomatik addımlar və məharətli hərb-təhlükəsizlik tədbirləri ilə öz məntiqi sonluğuna çatdırdı. Necə deyərlər, mükəmməl altyapılı lokal antiterror tədbirləri nəticəsində terrorçular, xunta rejimini və qanunsuz silahlı dəstələri idarə və himayə edənlər sərt şəkildə cəzalandırıldı. Vətən müharibəsində aldığı sarsıdıcı zərbədən hələ tam özünə gəlməyən Ermənistan isə bir daha əmin oldu ki, Azərbaycana qarşı istənilən təxribatın bumeranq effekti ağır olacaqdır.

Dördüncüsü, lokal antiterror əməliyyatları onu həyata keçirən şəxsi heyətdən hər şeydən əvvəl son dərəcədə yüksək peşəkarlıq, səriştə və məsuliyyət tələb edir. Belə əməliyyatların hər hansı yaşayış məntəqəsində dislokaiya olunan legitim hərbi hədəflərə qarşı aparılması ikiqat mürəkkəb və məsuliyyətlidir. Dəqiq zərbələr endirilən həmin legitim hərbi hədəflərin böyük bir hissəsinin ağır relyefə malik, uzun illər böyük mühəndislik işləri aparılmış ərazilərdə yerləşməsini də nəzərə alsaq, qarşıda necə çətin vəzifələrin durduğu daha aydın olar. Azərbaycanın müvafiq güc qurumlarının nümayəndələri bu vəzifənin öhdəsindən məharətlə və peşəkarlıqla gəldilər. Əməliyyatın həyata keçrildiyi vaxt ərzində qarşı tərəfdən heç bir mülki obyekt və şəxsin zərər görməməsi bunun əyani sübutudur. Bu həm də düşmənin Vətən müharibəsində aldığı humanist müharibə aparmaq dərsinin lokal, qısamüddətli antiterror əməliyyatı çərçivəsində bir daha təkrarlanmasıdır. Azərbaycan hərbçilərinin düşmənin qorxulu röyasına çevrilmiş şücaəti, igidliyi, peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri isə, zənnimcə, daha fərqli bir söhbətin mövzusudur. Yeri gəlmişkən, lokal antiterror tədbirləri zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik.

Beşincisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 2023-cü il senytyabr 19 də yaydığı açıqlamada Azərbaycan dövlət adından antiterror tədbirlərinin dayandırılması üçün 3 şərt açıqlamışdı: qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks-təqdirdə, lokal antiterror tədbirləri sona qədər davam etdiriləcəkdir. Bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icmasının nümayəndələri səhəri gün bu şərtləri qəbul etmək məcburiyyətində qaldılar. Sentyabrın 21-də isə ermənilərin bir vaxt ordu ilə gələcəklərini iddia etdikləri Yevlax şəhərində Azərbaycan Respublikası Prezidentinin nümayəndəsi ilə onların görüşü baş tutdu. Rəsmi məlumata görə. bu görüşdə qarşı tərəfə bir sıra mesajlarla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasını qəbul edib, onun normalarına uyğun yaşayacaqları təqdirdə, çoxmillətli, çoxkonfessiyalı dövlətin bərabərhüquqlu üzvünə çevriləcəkləri aydın şəkildə çatdırılıb. Yəqin xunta rejiminin təzyiq və təhdidlərindən qurtarılmış Qarabağın erməni icması Azərbaycanın bu humanitar münasibətinə uyğun davranmaqla özünün firavam gələcəyinə zəmin yarada biləcəkdir. Azərbaycanın lokal antiterror tədbirləri ilə yaratdığı əsas imkanlardan bir məhz Qarabağın erməni sakinlərinin qorxudan, kriminala, qanunsuzluğa məcbur edilməkdən uzaq, azad vətəndaş kimi yaşamaq şansları olacaq. Bunu isə onlara, artıq özlərinin də əmin olduqları kimi yalnız Azərbaycan verə bilər. Həmin görüşdən dərhal sonra ərzaq və digər zəruri vasitələrdən ibarət humanitar yük karvanının Xankəndinə istiqamət alması aydın göstərir.

Bir sözlə, Qarabağın erməni əsilli sakinləri üçün yeni tarixi bir şans yaradılıb və o şansın itirilməsi həmin insanları böyük fəlakətlərə düçar edə bilər. Buna imkan vermək olmaz.

Altıncısı, Azərbaycanın bütün Qarabağı və Şərqi Zəngəzuru gülüstana çevirmək niyyəti və iki il yarım ərzində onun reallaşması yolunda atılan uğurlu addımlar Qarabağın erməni icması üçün də yaxşı bir örnəkdir. Ermənistanın 30 il ərzində xaraba qoyduğu kəndlər, şəhərlər yenidən dirçəlir, bölgədə artıq 2 beynəlxalq hava limanı fəaliyyət göstərir, gələcək iqtisadi mərkəzlərin möhkəm təməlləri qoyulur. 30 il ərzində xunta rejimi tərəfindən ehtiyac içində yaşadılan, əzilən, heç bir müsbət ideyanın reallaşmasına dəstək ala bilməyən erməni əhali də bu inkişafdan, imkanlardan pay almaq istəyəcək və bu, başadüşələndir. Vətənin ayrılmaz parçaları olan Xankəndi, Ağdərə, Xocavənd, Xocalı, Əskəranın da simasının dəyişəcək, neçə illər inkişafdan, tərqqidən qalmızş bu yurdlarımızın da qzü güləcək. Azərbaycanın yaratdığı gerçəklik və tklif etdiyi perspektiv budur. İnanırıq ki, özünü erməni himayədarı sayanlar da bunu gec, ya tez nəzərə almaqdan başqa yol olmadığını qəbul edəcəklər. 

Yeddincisi, atılan addımların mühüm nəticələrindən biri nəhayət, Ermənistanın müxtəlif bəhanələrlə ləngitdiyi sülh danışıqlarının substantive xarakter alması üçün yeni imkanlar yaradır. Bu şansı qarşı tərəfin lazımınca qiymətləndirəcəyinə inanmaq istərdik. Əslində, Ermənistanın ayrı seçimi də yoxdur. Bunu həm də Cənubi Qafqazda Azərbaycanın yaratdığı yeni reallıq qaçılmaz və zəruri edir. Digər tərəfdən, Azərbaycanla Ermənistan arasında uzunmüddətli sülhün əldə edilməsi Cənubi Qafqaz bölgəsinin inkişafında əhəmiyyətli rol oyanayacaqdır. Bir çox ekspetlərin qənatincə, hazırda Ermənistanda baş verən hadisələrin səngiyəcəyi təqdirdə, ölkələrin sülh gündəliyinə qayıtması və yekun sənədin hazırlanması cəmi bir neçə ay vaxt ala bilər.  Son 3 ilə yaxın müddətdə israrla sülh, əmin-amanlıq və tərəqqi gündəliyini təklif edən Azərbaycan tərəfi buna inanır və kənar təsirlərin neytrallaşdırılacağı təqdirdə, Cənubi Qafqaz bölgəsində qısa müddtdə birgəyaşayış və qarşılıqlı inkişaf üçün münbit şəraitin yaranacağına töhfə verməyə həmişə hazırdır.

Nəhayət, bu günədək Xankəndidə Azərbaycan Silahlı Qüvvələrinin yeganə paradı Azərbaycan Xalq Cümhuriyyətinin mövcud oldğu dövrdə keçirilib. Bu barədə “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə: bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını −  Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş nazir N.Yusifbəylini və hərbi nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş nazir N.Yusifbəyli qəbul etdi”.

Xankəndinin separatçılardan tam təmizlənəcəyi, azad nəfəs alacağı, qəhrəman hərbçilərimizin ölkənin mühüm şəhərlərindən olan Xankəndidə müqəddəs Azərbaycan Bayrağını qaldıraraq Ali Baş Komandana raport verəcəkləri günə sayılı saatlar qalır. Bu ilin, yaxud gələn ilin əlamətdar günlərindən birində Azərbaycan Silahlı Qüvvələrinin Xankəndidə yenidən hərbi parad keçirərək tarixi yaddaşımıızı bir daha qürurla canlandıracağına da inanırıq.

20 senytyabr 2023-cü il saat 13:00 reallığı daha nələri və necə dəyişdirəcək? Çox keçməz bunlara da şahidlik edərik.

Lətif Şüküroğlu