"İran Azərbaycana qarşı hansısa bir problem yaratsa, cavabı veriləcək" - Vahid Əhmədovdan AÇIQLAMA

 18:14 25.09.2023     584

"Faktiki olaraq biz ərazi bütövlüyünü bərpa edirik və burada müəyyən separatçı qüvvələr müqavimət göstərmək istəyirlər, amma alınmır".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi.

Millət vəkilinin sözlərinə görə, bəzi dövlətlər Qarabğada barışığın olmasını istəmirlər:

"Əsas məqsəd sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsi imzalanandan sonra, əlbəttə, bütün məsələlər öz yerini tutacaq. İlin axırına kimi məsələlərin hamısı yekunlaşacaq. Artıq Azərbaycan işığı Xankəndidədir". 

Vahid Əhmədov Qarabağdakı son anti-terror əməliyyatlarından sonra Ermənistanın Zəngəzur dəhlizinin açılmasına razılıq verib-verməyəcəyi barədə sualımızı da cavablandırdı.

"Zəngəzur dəhlizi bizim üçün önəmlidir. O cümlədən Türkiyə prezidenti də bir neçə dəfə deyib ki, bu dəhliz açılacaq. Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib ki, kimin istəyib-istəməməsindən asılı olmayaraq, bu dəhliz açılacaq. Yəni bu dəhlizin açılmasında maraqlı qüvvələr çoxdur. Amma bu dəhlizin açılmasına mane olan dövlət İrandır, çünki Ermənistanla olan əlaqələr müəyyən qədər kəsilə bilər. Ona görə də müəyyən maneələr yarada bilərlər. Hətta arada sərhəddə qoşun yığdılar, müəyyən xəbərdarlıq etdilər, amma xeyri yoxdur. Mən hesab edirəm ki, bu proses yavaş-yavaş başa çatır. Azərbaycanın Qarabağdakı uğurlu əməliyyatlarından sonra əhali artıq bizim qanunlarımızı qəbul etmək məcburiyyətindədir. Hətta aldığım məlumata görə, artıq Azərbaycan vətəndaşlığını qəbul edən insanlar var, müraciətlər var. Zəngəzur dəhlizi də kimin istəyib, istəməməsindən asılı olmayaraq açılacaq. Düzdür, İran ola bilər, müəyyən iradə ortaya qoyacaq, amma bu, qəbul edilən deyil. Azərbaycanın dövlət başçısı da, Türkiyənin dövlət başçısı da qeyd edir ki, bu dəhliz açılmalıdır. Çin kimi böyük dövlət bu dəhlizin açılmasında maraqlıdır və bir neçə dəfə öz mövqelərini bildiriblər. İndi ola bilər İranın sualları var, müəyyən məsələlər var, xarici işlər naziri səviyyəsində görüşəcəklər və məsələlər öz həllini tapacaq. Amma İran indi Azərbaycana qarşı hansısa bir problem yaratsa, cavabı veriləcək, elə qalan deyil. Əsas bölgədə söz yeri Türkiyədədir və bütün məsələlər faktiki olaraq Türkiyənin iştirakı olmadan həll olunmur. O cümlədən də Zəngəzur dəhlizi məsələsində də. Mən arxayınam ki, bu ilin axırına qədər bu dəhlizi açacağıq, tam istifadəyə verilməsə də müəyyən problemlər həll olunacaq. Çünki ordan həm dəmir yolu keçməlidir, həm avtomobil yolu keçməlidir. Yəni böyük logistik bir yoldur. Ona görə də bunun əhəmiyyəti kifayət qədər böyükdür", - deyə deputat qeyd etdi.

Humay İSGƏNDƏRLİ