"Sürətli inteqrasiya mərhələsinə qədəm qoymuşuq" - Deputat

 14:15 26.09.2023     780

Xəbər verdiyimiz kimi, ötən gün Xocalıda Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşü keçirilib.

Görüşdə görülmüş işlərin yekunlarının müzakirəsi və gələcək addımları müəyyənləşdirmək məqsədilə tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib.

Xocalıda keçirilən görüşlə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a danışdı.

O, dedi ki, biz bundan sonra Azərbaycanda yaşayan erməni sakinlərlə görüşləri intensiv şəkildə keçiriləcəyinə şahidlik edəcəyik:

"Elə bir gün öncə Xocalıda keçirilən görüş Azərbaycan dövlətinin öz gələcək vətəndaşlarına sahib çıxaraq onların bütün humanitar, sosial problemlərinin həll edilməsi ilə bağlı idi. Hazırda artıq Xankəndi və ətraf ərazilərdə yaşayan sakinlərimizin elektrik enerjisinin təchizatı ilə bağlı mühüm addımlar atılıbdır. Amma bundan sonra digər kommunikasiyaların çəkilməsi, onların funksionallığının təmin olunması və hazırkı mərhələdə qışa hazırlıq dövründə ərazinin mövcud dağlıq şərtləri içərisində bu tədbirlərin həyata keçirilməsi aktualdır. Bu istiqamətdə və müxtəlif məsələlər müzakirə edildi. Azərbaycan qanunları və Konstitusiya əsasında ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının dərinləşməsi kimi məsələlər müzakirə edildi. Ona görə də mən düşünürəm ki, bu proses sadəcə keçirilən görüşlərlə məhdudlaşmır. Eyni zamanda, birbaşa telefon əlaqələri və digər kommunikasiyalar vasitəsilə də onların bu prosesdə atacaq addımları gündəlik şəkildə müzakirə olunur, sürətli bir inteqrasiya mərhələsinə qədəm qoymuş oluruq. Şübhəsiz ki, bu, özlüyündə həm Azərbaycanın suveren hüquqlarının onun hər qarışında bərpa olunması deməkdir, həm də Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli sakinlərin rifahının yaxşılaşdırılması və onların Azərbaycan cəmiyyətinə qazandırılması deməkdir. Bu da nəticə etibarilə bu il üçün Ermənistan və Azərbaycan arasında etimad mühitinin və sülhün yaradılması üçün mühüm bir prosesdir, mühüm bir mərhələdir".

Qeyd edək ki, Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə ilk görüş sentyabrın 21-də Yevlax şəhərində keçirilib.

Humay İSGƏNDƏRLİ