"Öldürülmüş terrorçuların tabutlarının içərisinə girib, qaçmağa cəhd edəcəklər" - AÇIQLAMA
Bildiyimiz kimi, ötən gün Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış olub. Hadisə nəticəsində 20 nəfər ölüb, 290 nəfər yaralanıb. Azərbaycan mərkəzi hakimiyyətinin yaralılar üçün göndərdiyi yardımlarla bərabər, bölgədə tibbi yardıma və qayğıya ehtiyacı olan insanların aparılması üçün Ermənistandan tibbi heyətin olduğu helikopterin Qarabağa daxil olması təmin edilib.
Xankəndindəki bu partlayış növbəti erməni təxribatı ola bilərmi?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Redaktor.az-a danışdı.
"Mahiyyət ondan ibarətdir ki, erməni tərəfinin bitib tükənməyən iftiraları, hiylələri var. Tamamən siyasi baxışları, ideoloji yanaşmaları həmişə onun üzərində inşa olunub. Yurisdiksiyamızda olan ərazilərdə özlərini bir az fərqli aparırlar, yazıq görkəminə bürünürlər. Amma əminik, siz də, biz də hər kəs də ki, Laçından ayağını kənara qoyan tamamilə başqa şeylər danışır. Yəni xalqı o cür adlandırma etik deyil, amma içlərində rast gəldiyimiz istənilən erməni millətinə məxsus olan şəxs bax o cürdülər, o mənşəlidirlər. Onların digər planları, leqal yanaşmaları bitmir ki, haqlarında vahid, normal düşüncə də yaransın. Samvel Babayan ki, qaçdı getdi, onun necə çıxması sual altındadır, Vardanyan qalır, Vitali Balasanyan fərqli yol seçir. Yəni bunların hər biri Azərbaycan Cinayət Məcəlləsi qarşısında mühakimə olunmalıdırlar ki, bununla da bağlı Azərbaycan tərəfinin məhkəmə hökmləri var, axtarış elan olunub. Bölgədən qaçmaq istəyirlər, tərk etmək istəyirlər. Ona görə hər vasitəyə keçərli prinsipi ilə yanaşırlar. İstər yanacaq çəninin partladılması olsun, istər ağıla gəlməyən başqa təxribatlar, öldürülmüş terrorçuların tabutlarının içərisinə girib, bölgədən qaçmaq cəhdi, ya libaslarını dəyişdirmək, bunların hamısı ola biləcək prosesdir. Onlardan da biri heç şübhəsiz ki, hava dəhlizinin açılması məsələsi idi. Azərbaycan tərəfi belə ehtimalları da nəzərə aldı. Fikir verirsinizsə, yalnız Ermənistandan həkim gətirən helikopterlərə icazə verildi. Tutaq ki, boş helikopter gəlib oradan təxliyyə ilə məşğul olacaq məsələsi yoxdur. Yəni indilik yoxdur, bəlkə sonra başqa razılaşma oldu", - deyə həmsöhbətimiz bildirdi.
Humay İSGƏNDƏRLİ