"Türkiyə rəhbərinin Zəngəzurla bağlı fikir səsləndirməsinə böyük ehtiyac var idi"

 19:01 26.09.2023     439

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ermənistan Zəngəzur yolunun açılmasına razılıq verməsə, yol İran üzərindən keçəcək və İran bu məsələdə maraqlıdır.

"Arzumuz budur ki, bu yerləri sülh dəhlizinə çevirərək açaq. Hələ də müharibənin hökm sürdüyü dəhlizi təsəvvür etmək mümkün deyil. Çünki həm Zəngəzur dəhlizini, həm də Laçın yolunu sülh dəhlizi hesab etmək istəyiriksə, bu məsələni heç bir münaqişəsiz, səs-küysüz həll etməliyik. Xüsusilə bunların relsli sistemlər olduğunu nəzərə alsaq, Türkiyədən gələn qatar Ermənistandan keçərək Azərbaycana gedəcək. Əgər İrəvan bu məsələyə razılıq verməsə, yol İrandan keçəcək. İran hazırda buna müsbət baxır və ona görə də indi İrandan Azərbaycana keçmək imkanı yaranacaq",- deyə Türkiyə lideri bildirib.

Rəcəb Tayyib Ərdoğanın bu çıxışı ilə bağlı beynəxalq məsələr üzrə ekspert Əziz Əlibəyli Redaktor.az-a danışdı.

Ekspert dedi ki, Ərdoğanın çıxışına gətirən yol iki istiqamətdən keçir: 

"Biri elə bir həftə öncə əməliyyatların gedişi dönəmində İrandan səsləndirilən "3+3" formatına qayıdaq, müzakirə edək fikri idi. İkincisi isə dünənki Naxçıvan sammiti idi. Hər iki düşüncədən sonra Türkiyə rəhbərinin Zəngəzurla bağlı bir fikir səsləndirməsinə böyük ehtiyac var idi. Hesab edirəm ki, o, kulminasiya nöqtəsini məhz bu gün verdiyi müsahibədə açıqladı. Nədir önəmli olan məsələ? Birincisi, bu günün özündə paralel şəkildə Putinin də açıqlamaları oldu. Onlar "3+3"ə dəstək olduqlarını ifadə etdilər. Birinci məsələ budur ki, Ermənistan ərazisindən dəhlizin reallaşması kifayət qədər ağlabatandır, nəinki İrandan. Biz bunu müqayisə etsək, görərik ki, Ermənistan ərazisində reallaşdırılması daha rahat olacaq. Bu, bir növ İrana verilmiş mesajdır ki, siz onun nə qarşısını ala bilməzsiniz, nə də ki, əks mövqe qoymaq imkanımız yoxdur. Amma biz sizə təklif edə bilərik ki, bunu İran ərazisindən keçirək. İkincisi, bu, Ermənistana da verilmiş mesajdır ki, başımızı bu prosesdə çox ağrıtmasın. Dəfələrlə danışıqlar dalana dirəndi, amma hər dəfəsində hərbi əməliyyatlarla bir növbəti addım reallaşdı. Yenə də o hərbi əməliyyatlarla bu addım reallaşacaq kimi görünürsə, Ermənistan tərəfi dəhlizi açmağa razılıq verməyi dəyərləndirsə yaxşıdır. Bu hərbi əməlliyyatın onlara nə xeyri olacaq ki? Əvvəlki əməliyyatlardan fərqli olaraq, indi İrəvandakı mitinq iştirakçılarının sayı-hesabı yoxdur. Paşinyanın durumu indi daha təhlükəlidir. Bir növ iki müttəfiq ölkə - İran və Ermənistan arasında münasibətləri də oynatmış olacaq. Çünki ikisindən biri o seçimi etmək məcburiyyətindədir. Azərbaycan-Türkiyə ittifaqı təkcə bu iki ölkənin birliyi olmur ki. Bu, həm də Rusiyanın iştirakçılığı ilə bir regional layihəyə çevrilir və bu regional layihə özünün geopolitik toqquşmalar fonunda reallaşır. Təsəvvür edin ki, Rusiya üçün də bu, göydəndüşmə olacaq".

Humay İSGƏNDƏRLİ