Cəbhədə uduzan Ermənistan terrora üstünlük verir - Deputat

 11:28 02.10.2023     407

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nın Los Anceles şəhərində “Türkiyənin xarici siyasətində xalq diplomatiyasının rolu” adlı konfransda bir qrup erməni, Azərbaycanın Los Anceles şəhərindəki konsulu Ramil Qurbanovu və Türkiyə təmsilçilərini hədəf alaraq Azərbaycan və Türkiyə əleyhinə təhqirlər səsləndirib. Təxribat təxminən 10 dəqiqə davam edib. Polis və təhlükəsizlik əməkdaşlarının köməyi ilə təxribatçılar iclas salonundan çıxarılıb.

Ötən gün isə Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən radikal erməni qrupunun təşkilatçılığı ilə Azərbaycana qarşı yürüş keçirilib. 100-dək diaspora üzvü Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyinin qarşısına yürüş edib.

Aksiyaçılar burada Azərbaycan və Türkiyə əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Polis radikal qrupa özünü buraxmış qondarma qurumun “bayrağının” açılmasına icazə verməyib. Aİ nümayəndəliyi ermənilərin aksiyasına heç bir reaksiyası olmayıb. 

Ermənilərin bitib-tükənməyən bu aqressiyasının sonu necə olacaq? Nəyə nail olmağa çalışırlar?

Mövzu ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Redaktor.az-a danışaraq bildirdi ki, bu gün real vəziyyət belədir:

"Cəbhədə uduzan Ermənistan artıq terrora və informasiya müharibəsinin daha da gücləndirilməsinə üstünlük verir. Yəni bu gün artıq Azərbaycan Qarabağın işğalına son qoydu və bu işğalda ən fəal şəkildə onları dəstəkləyən erməni diasporu idi. Hansı ki, xaricdə onlar otururlar və orada bu prosesləri maliyyələşdirirlər. Ona görə bu gözlənilən idi. Həm səfərliklərimizə, həm bizim diasporamıza və digər qurumlara bu cür hücumlar olacaq. Təbii ki, bunu bizim dövlət qurumları bilir, müəyyən addımları atır və bizim də hər birimiz çox diqqətli və ehtiyatlı olmalıyıq. Diqqətli olmalıyıq ki,  problemlər olmasın, məqsədimizə doğru gedə bilək və nail ola bilək. Yəni o təxribat, onların məkrli niyyətlərinin həyata keçmədiyini gördükdən sonra yaranan bir məsələdir".

Humay İSGƏNDƏRLİ