Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyətini bərpa edəcək, LAKİN...

 11:45 02.10.2023     425

Məlum olduğu kimi, İran məhkəməsi Azərbaycanın Tehran şəhərində yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə barədə ölüm hökmü çıxarıb. 

Məlumatda edamın nə vaxt icra ediləcəyi qeyd olunmur.

Bəs belə bir qərarın alınması aylardır ki, gərgin məcrada davam edən Azərbaycan-İran münasibətlərinə müsbət təsiri olacaq?  Azərbaycan Tehrandakı səfirliyinin işini bərpa edəcək?

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan bildirdi ki, hökmün icrasından sonra İran tərəfi Azərbaycanın Tehrandakı və Təbrizdəki diplomatik nümayəndəliklərinin və onun heyətinin - yəni səfirin, diplomatların, baş konsulun və əməkdaşların təhlükəsizliyinə təminat verməlidir:

"Bu təminat olacağı halda fəaliyyətə başlamaq olar və hesab etmirəm ki, Azərbaycanla İran diplomatik münasibətləri birdəfəlik kəsiləcək. Bu, hökmün icrasından sonrakı vəziyyətə bağlıdır. Hökm çıxarmaq hələ onun həyata keçməsi demək deyil və hökm icra olunandan sonra məsələyə baxmaq lazımdır. İkinci tərəfdən, İran ilə Azərbaycan arasında münasibətlərin pozulmasına səbəb olan amil təkcə səfirliyə hücum deyil. Səfirliyə hücum səbəblərdən biridir. İran ərazisində Azərbaycan dövlətinə, Azərbaycan dövlətçiliyinə qarşı təşkilatlar fəaliyyət göstərir və İran hakimiyyəti bunu maliyyələşdirir. Bundan başqa, İranın Ermənistana yönəlik ritorikası, Ermənistanla bağlı yürütdüyü siyasət Azərbaycana qarşıdır. İran Ermənistandan Azərbaycana qarşı alət olaraq istifadə edir.

İran Zəngəzur dəhlizinin açılmasına bütün vəchlə mane olur. Odur ki, diplomatik münasibət bərpa olsa da, bundan sonra  münasibətlərin əvvəlki səviyyədə olacağı inandırıcı deyil. Sadəcə olaraq, mövcud iqtisadi layihələr reallaşacaq və perspektivi ola bilsin ki, hansısa iqtisadi layihələrlə bağlı danışıqlar olsun. Amma Azərbaycanın İrana etibar etməsi, etimad etməsi üçün İran tərəfi hələ də heç bir addım atmayıb. Bu etimadı qazanmaq üçün İran hakimiyyəti fəaliyyətini daha da artırmalıdır ki, Azərbaycan tərəfi İrana etibar etsin.

Amma səfirliyin açılması ehtimalı az deyil. Ola bilsin ki, səfirlik açılsın, amma belə tezliklə yox".

Həmidə İBRAHİMLİ