Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır - Kənani

 14:02 02.10.2023     371

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri İslam Respublikası üçün Qafqaz regionunda münaqişələrin regional potensial vasitəsilə həllinə öz nöqteyi-nəzərini ifadə etmək üçün fürsət olub.

Redaktor.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

Onun sözlərinə görə, səfər iki qonşu ölkə arasında ikitərəfli münasibətləri və Qafqaz regionunda baş verən hadisələri nəzərdən keçirmək üçün danışıqların və təmasların davamı çərçivəsində baş tutub.

N. Kənani qeyd edib ki, İran Qafqazdakı vəziyyətə böyük əhəmiyyət verir və Ermənistan rəsmisinin İrana səfəri bu məsələlərin müzakirəsi üçün baş tutub. O, Tehranın Bakı ilə İrəvan arasında münaqişələrin dayandırılmasını alqışladığını qeyd edərək, İranın beynəlxalq və geosiyasi sərhədlərin istənilən dəyişikliyinə qarşı olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahyanın Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına gəlincə, N. Kənani bildirib ki, İslam Respublikası regionun bütün ölkələrinə fayda verəcək nəqliyyat şəbəkələrinin inkişafına sadiqdir, lakin beynəlxalq sərhədlərin dəyişdirilməsi və regiondan kənar müdaxilənin əleyhinədir:

“İranın regionun sərhədləri ilə bağlı mövqeyi kifayət qədər aydındır. Biz dəfələrlə öz mövqeyimizi bildirmişik. Bütün tərəflərin mübahisələrin siyasi və dinc vasitələrlə danışıqlar yolu ilə həlli üçün məsuliyyətli səylərinin zəruriliyinə inanırıq. İran Qafqazdakı problemlərin həlli üçün mümkün olan hər şeyi etməyə hazırdır”.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi nümayəndəsi İrana səfərə hazırlaşır, səfərin dəqiq tarixi vaxtında açıqlanacaq. O, həmçinin planlaşdırılan səfərlə yanaşı, hazırda bir sıra məsələlər üzrə ikitərəfli müzakirələrin aparıldığını deyib və qeyd edib ki, bunlar arasında əsas məqam Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası və Qafqaz regionunda baş verən proseslərdir.