Ermənistan Qarabağdan köçən ermənilərin sayını niyə şişirdir? - AÇIQLAMA

 16:30 02.10.2023     755

Azərbaycanın Qarabağda keçirdiyi antiterror tədbirlərindən sonra erməni sakinlərin Ermənistana kütləvi şəkildə köçü başlayıb.

Ermənistan hökuməti tərəfindən verilən ən son məlumatlara əsasən, Qarabağ ərazisindən Ermənistana gedən ermənilərin sayı 100 mini keçib.

Maraqlıdır, ermənilərin bu rəqəmləri şişirməkdə məqsədi nədir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirdi ki, burada məqsədyönlü şəkildə rəqəmlər şişirdilib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan şərti-dövlət sərhədində yerləşən Laçın nəzarət-buraxılış məntəqəsində kamera sistemi var və keçən bütün şəxslər - istər erməni, istər azərbaycanlı, istərsə rus olsun, fərqi yoxdur - hamısı qeydiyyata alınıb:

"Azərbaycan tərəfinin verdiyi məlumatda 20 mindən artıq rəqəm göstərilir və bu o deməkdir ki, oradan keçənlərin sayı 20 min ətrafındadır. Yəni 21, 22, 23 min ola bilər. Əlbəttə ki, ermənilər bunu o qədər şişirdəcəklər. Hələ bəlkə də onlar gələcəkdə 300 min, 400 min də deyə bilərlər. Əslində məsələ tək onlarlıq deyil, onların arxasında duran qüvvələrin məqsədyönlü planlarının tərkib hissəsidir ki, “Baxın, görürsünüz, yəni bu qədər bizim insanları oradan köçürüblər”. Bunun arxasında duran əsas məsələ ondan ibarətdir ki, kompensasiya tələb eləsinlər. Çünki Azərbaycan Birinci Qarabağ savaşından sonra, Azərbaycanın təqribən 20 faizə qədər ərazilərinin işğal altına düşməsindən sonra ora dəyən ziyanın kompensasiya edilməsi məqsədilə Ermənistanı məhkəməyə verib və artıq təzminatın hesablanması gedir. İndi bunlar əslində bunun qarşılığını etmək istəyirlər, amma bunu etmək ermənilərin başı üçün deyil".

Politoloqun fikrincə, bu, Qərb ölkələrinin və Rusiyanın birgə planının tərkib hissəsidir.

"Hazırlayıb ortaya atıblar ki, bununla əks hücum eləsinlər. Amma hesab edirəm ki, ortada faktlar var. Azərbaycan dövləti ən yüksək səviyyədə belə onu çıxardıb ortaya qoya bilər ki, "Buyurun, baxın, buradan gedən ermənilərin sayı nə qədərdir". İkincisi, hətta lazım olarsa, fakt üçün kameraları da açıb qoymaq olar. Hətta Ermənistanın yalanla dünya ictimaiyyətini çaşdırması belə beynəlxalq hüquqda bir cinayət sayılır. Ona görə hesab edirəm ki, onlar məqsədyönlü şəkildə bu fikri ortaya atıblar. Bunun qarşısını almağın ən doğru, ən ideal variantı isə təbii ki, hüquqi prosedurla ona cavab verilməsidir", - deyə Samir Hümbətov bildirdi.

Həmidə İBRAHİMLİ