Bu regionlardan gənc nəslin azad olunmuş ərazilərə miqrasiyası təşviq edilməlidir - AÇIQLAMA

 17:04 02.10.2023     895

Xəbər verdiyimiz kimi, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxışı zamanı deyib ki, bugünkü Ermənistan ərazisindən qovulmuş soydaşlarımızı Xankəndi və digər yaşayış məntəqələrinə köçürməliyik.​​

Məsələ ilə bağlı Redaktor.az-a münasibət bildirən AMEA Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadənin sözlərinə görə, indiki halda Qarabağ və Şərqi Zəngəzur bölgələrinə daxil olan rayonlara əhalinin qayıdışının və məskunlaşmasının təmin edilməsi təbii ki, ən ümdə vəzifələrdən biridir.

Onun fikrincə, bununla bağlı Azərbaycan cəmiyyətində ən müxtəlif fikirlərin səsləndirilməsi, təkliflərin irəli sürülməsi normaldır:

"Bu baxımdan Qüdrət Həsənquliyevin də Milli Məclisin fəal deputatlarından biri kimi fikirlərini ifadə etməsi tam təbiidir. Əhalinin qayıdışı prosesi ilə bağlı fərdi düşüncələrimə gəlincə, birinci vəzifə vaxtilə Qarabağdan müharibə nəticəsində didərgin düşmüş azərbaycanlıların regiona qayıdışı olmalıdır. Növbəti mərhələdə Qərbi Azərbaycandan - indi Ermənistan adlanan ərazidən vaxtilə qovulmuş soydaşlarımızın da yerləşdirilməsi mümkündür. Qeyd etmək istərdim ki, belə bir ideya hələ XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində də səsləndirilmişdir. İddia olunurdu ki, əgər həmin dövrdə qovulan əhali Qarabağda yerləşdirilsəydi Ermənistanın Qarabağı işğalının qarşısı alına bilərdi. Ərazilər təmizləndikcə, məskunlaşma həyata keçirildikcə, nəinki Qərbi Azərbaycandan, digər regionlarımızdan da arzulayanların könüllü şəkildə regiona yerləşdirilməsi mümkün ola bilər. Ümumilikdə isə bunu cəlbedici hala gətirmək lazımdır. Yüksək iqtisadi inkişaf, iş yerlərinin yaradılması, azad iqtisadi zonaların formalaşdırılması əhali üçün regionu cəlbedici edə bilər. Əhalinin yerləşdirilməsi prosesində həmçinin təbii artımın yüksək olduğu regionlar nəzərə alınmalı, həmin regionlardan gənc nəslin azad olunmuş ərazilərə miqrasiyası təşviq edilməlidir. Bununla bağlı müəyyən tarixi təcrübələr var. Həmin dövrlərin müsbət tarixi təcrübələri nəzərə alınmalıdır".

Həmidə İBRAHİMLİ