"Biz çöllərdə qalanda bu BMT yox idi?" - Deputatdan ETİRAZ

 13:56 03.10.2023     374

Xəbər verdiyimiz kimi, ötən gün Birləşmiş Millətlər Təşkilatının (BMT) missiyası Qarabağa gəlib. Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.

Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.

Maraqlıdır, BMT-nin uzun müddətdən sonra Qarabağa gəlməsində məqsəd nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, BMT deyilən qurum dünyanın ən böyük qurumudur.

Onun sözlərinə görə, bu qurum eyni zamanda, dünyanın ən nüfuzsuz, hörmətsiz və müəyyən dövlətlər tərəfindən idarə olunan muzdlu bir qurumudur:

"Niyə mən bunu deyirəm? Bunu deməyə əsasım var. Biz Xocalıda dörd ay tam mühasirədə yaşayanda, Xocalıda soyqırım törədiləndə, Xocalıdan əvvəl və sonra insanlarımıza qarşı soyqırımlar, qətliamlar törədiləndə, yurd-yuvamız viran olanda, 30 il torpaqlarımız işğal altında qalanda, dağıdılanda, yandırılanda, talan olanda, biz çöllərdə qalanda bu BMT yox idi? Var idi. Bəs niyə bir dəfə bu missiyasını göndərib bizlə maraqlanmırdı? Bizim başımıza bu müsibəti açan işğalçı dövlətə qarşı bir sanksiya tətbiq eləmirdi, bir cəza tədbiri görmək üçün qətnamə qəbul eləmirdi? Qəbul elədiyi 4 qətnamənin də icrasını yerinə yetirmədi. Axırda Azərbaycan ordusu BMT əvəzindən o qətnamələri icra etdi və torpaqlarımızı işğaldan azad elədi".

Deputatın firincə, bütün bunlar hamısı bizə onu deməyə əsas verir ki, BMT-nin bu missiyası heç də ədalət naminə bura gəlməyib.

"Sadəcə olaraq BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan 5 dövlətin təkidi, təzyiqi ilə bu missiyanı ermənilərin xətrinə yaradıb, göndəriblər. Onlara kimlər təsir edib? İlk növbədə Fransa, Amerika Birləşmiş Ştatları. Yəni, bunların təkidi ilə bu missiya gəlib və xeyirə gəlməyib. Ancaq bu missiyaya Azərbaycanın kifayət qədər deməyə sözü var, faktları var və BMT-nin qarşısına bu faktlar qoyulub, deyilib. Bu sözlər bundan sonra da deyiləcək və qoyulacaqdır. İndi gəliblər, qoy araşdırsınlar, aydınlaşdırsınlar görək bunların gəlməkdə məqsədi nədir və bizə qarşı nə hərəkətlər eləyəcəklər? Əgər doğrudan da öz fəaliyyətində ədalətli, beynəlxalq hüquqa əsaslanan bir qurumdursa, ədalətli qərar verəcəkdir. Əks təqdirdə təbii ki, bizə qarşı qərəzli mövqe tutacaq", - deyə Elman Məmmədov bildirdi.

Həmidə İBRAHİMLİ