"Araik özü etiraf etmişdi ki, Gəncəyə raketlərin atılması əmrini o verib"

 15:43 04.10.2023     1638

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağdakı separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.

Onu da qeyd edək ki, bu gün Vətən müharibəsində Gəncə şəhərinin ermənilər tərəfindən ilk raket hücumuna məruz qalmasından üç il ötür. Və həmin raket hücumu əmrini verən Araik Arutyunyan 3 il sonra gizləndiyi yerdən tapılaraq əliqandallı Bakıya gətirilib.

Məsələ ilə bağlı Redaktor.az-a danışan, Gəncə şəhərini Milli Məclisdə təmsil edən deputat Naqif Həmzəyev bildirdi ki, 44 günlük Vətən müharibəsinin gedişində məğlubiyyətlə üzləşən Ermənistan ordusu Azərbaycana müəyyən dərəcədə təzyiq göstərə bilmək və azərbaycanlıların müəyyən dərəcədə gözünü qorxutmaq üçün dinc sakinlərin yaşadığı və döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərini hədəfə alıblar.

Onun sözlərinə görə, bu raketin atılması və bundan sonra da Gəncə şəhərinə hədəflənən digər raketlərin atılmasının da birbaşa günahkarı o vaxtkı Ermənistan hərbi-siyasi rəhbərliyi, xüsusən də separatçıların lideri olan Araik Arutyunyan idi:

"O özü də müsahibələrində bunu qeyd etmişdi və etiraf etmişdi ki, bu raketlərin atılmasının əmrini o verib. Bir sözlə, bu proseslərdən artıq üç il keçib. Azərbaycan dövləti, Ali Baş Komandan, cənab Prezident İlham Əliyev görürsünüz ki, bütün cinayətkarların qanun qarşısında cavab verməsini təmin etməkdədir. Hal-hazırda artıq separatizm tamamilə dayandırılıb. Separat qondarma rejim öz fəaliyyətini dayandırıb və artıq Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan polisi Azərbaycanın hər bir ərazisində olduğu kimi, Xankəndi, Əsgəran, Ağdərə və digər kəndlərimizdə xidmətlərini təşkil ediblər. Dövlətin digər vacib strukturları oradakı erməni əsilli sakinlərə xidmətlərini təqdim etməkdədirlər və reinteqrasiya prosesi həyata keçirilir.

Cənab Prezidentin qeyd etdiyi kimi, biz dinc sakinlərlə birgə yaşayışı təşviq edirik, birgə yaşayış üçün bütün mümkün vasitələrimizi səfərbər etmişik. Ancaq azərbaycanlıların qanına əli batmış, hərbi cinayətlər törətmiş və Birinci Qarabağ, İkinci Qarabağ savaşı zamanı birbaşa olaraq azərbaycanlıların şəhid olmasına və yaralanmasına səbəbkar olan şəxslər qanun qarşısında cavab verəcəklər. Və biz inanırıq ki, Araik Arutyunyan, Vardanyanlar,  hərbi cinayət törətmiş Xaçaturyanlar və digər hərbi xidmət göstərərək azərbaycanlılara zərbələr endirmiş, azərbaycanlılara qarşı döyüşmüş cinayətkarlar, ideoloji, hərbi, siyasi liderlər, hansılar ki, azərbaycanlılara qarşı düşmənçilik və nifrət hissi bəsləyirdilər, onlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər və Azərbaycan dövləti tərəfindən onların mühakimələri təşkil ediləcəkdir".

Deputatın fikrincə, istənilən halda bütün bu proseslər ictimaiyyətə açıq olacaqdır və aparılmış istintaq işlərinin nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumatlar veriləcəkdir:

"İlk növbədə həmin şəxslərdən digər hərbi sirrlər və hələ də bizə məlum olmayan bəzi məqamlar öyrəniləcəkdir və bu günə qədər onların törətdikləri bir çox əməllərin üstü açılacaqdır. Azərbaycanlılara qarşı törədilən mina terrorları və xüsusilə də mina basdırılmış ərazilərin xəritələri, digər hərbi cinayətlərin detalları öyrəniləcəkdir. Və mən düşünürəm ki, bütün bu proseslər, gedişat zamanı ictimaiyyətə ətraflı məlumatlar verilir. Əsas odur ki, haqq-ədalət yerini tapıb. Bizim şəhidlərimizin qisası yerdə qalmayıb. Eyni zamanda, dinc sakinlərimizin qətlə yetirilməsinə və Gəncə, Bərdə, Tərtər, Goranboy, Mingəçevir ərazilərində raketlərin və uzaqmənzilli raketlərin, o cümlədən bombaların atılmasında birbaşa iştirak etmiş şəxslər, bu əmrləri vermiş şəxslər də həbs edilib. Onlar xüsusi xidmət orqanları tərəfindən Bakıya gətiriliblər və biz inanırıq ki, bu şəxslər layiqli cəzalarını alacaqlar. Artıq erməni revanşistlər də anlayacaqlar ki, Azərbaycanla güc dili, təhdid dili ilə danışmağın mənası yoxdur. Çünki Azərbaycan dövləti öz ərazisinin suverenliyinin qorunmasını, vətəndaşların təhlükəsizliyini özü təmin edir. Vətəndaşlara dəymiş ziyanın da qarşısı ancaq sivil, hüquqi və ədalətli yollarla artıqlaması ilə ödənilir", - deyə Naqif Həmzəyev vurğuladı.

Xatırladaq ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Gəncə şəhərinin raket atəşinə tutulması və nəticədə mülki şəxslərin həlak olması, yaralanmasına görə Baş Prokurorluq özünü "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" adlandıran Araik Arutyunyan barəsinə Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başladıb. Nəhayət, 3 il sonra Araik etdiyi müharibə cinayətlərinə görə mühakimə olunacaq.

Həmidə İBRAHİMLİ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “6.3.5 bəndində nəzərdə tutulmuş” mövzuda dərc olunub.

2