“Baş separatçının saxlanılması dövlətimizin separatizmə qarşı mübarizədəki tarixi nailiyyətidir”

 14:55 04.10.2023     280

Xəbər verdiyimiz kimi, vaxtiylə Qarabağda yaradılan qondarma qurumun “prezidenti” Araik Arutyunyan DTX tərəfindən saxlanılaraq Bakıya gətirilib.

Redaktor.az xəbər verir ki, millət vəkili Vahid Əhmədov ölkə gündəmini məşğul edən bu və bu kimi yenilikləri şərh edib.

- Vahid müəllim, öncə baş separatçı Araik Arutyunyanın saxlanılması ilə bağlı fikrinizi bilmək istərdik. Sizcə bunu Azərbaycanın separatizmə qarşı mübarizədə əldə etdiyi böyük uğurlardan biri hesab etmək olarmı?

- Əlbəttə. Heç şübhəsiz ki, bu dövlətimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin erməni separatizminə qarşı apardığı mübarizədə əldə etdiyi tarixi nailiyyətlərdən biridir. Azərbaycan dövləti bununla bütün dünyaya, eləcə də Ermənistan və onun havadarlarına sübut etdi ki, o, heç vaxt separatistlərə, terrorçulara, əli xalqımızın qanına batan heç kimə və heç kəsə güzəştə getməyəcək, onların cəzalanması üçün bütün lazımi addımları atacaq.

Araikin saxlanılması dövlətimizin bu məsələdəki prinsipiallığından, qətiyyətindən xəbər verir.

Xatırladım ki, Vətən müharibəsi zamanı Azərbaycanın bir çox bölgələri məhz Araikin əmri ilə atəşə tutulmuş, nəticədə onlarla mülki sakin həlak olmuşdur. Odur ki, Araikin saxlanılaraq məhkəmə qarşısına çıxarılması həm qanunun tələbinin, həm də tarixi ədalətin öz yerini tutması baxımından mühüm əhəmiyyətə malikdir. Araiklə bağlı baş verənlərin timsalında bütün separatçılar, bütün qatillər anlamalıdırlar ki, belə bir gün onlar üçün də var və çox keçməyəcək ki, onlar da müttəhimlər kürsüsündə əyləşəcəklər.

Mən Araik Arutyunyanın saxlanılmasını təmin edən DTX-ya, bu qurumun rəhbərliyinə və bütün şəxsi heyətinə təşəkkür edirəm. İnanıram ki, sözügedən qurum bundan sonra da Ali Baş Komandanın tapşırıq və göstərişlərini eyni peşəkarlıqla həyata keçirəcək, milli maraqlarımızı bundna sonra da etibarlı şəkildə müdafiə edəcəklər.

Bir daha qeyd edirəm ki, istər Vətən müharibəsindəki qələbə, istər cari ilin 19-20 sentyabr tarixindəki uğurlu antitterror tədbirləri, istərsə də separatçıların həbsi dövlət başçımızın uzaqgörən siaysətinin, cəsarət və qətiyyətinin nəticəsidir.

- Uğurlu lokal antiterror tədbirləri və separatçıların həbsinin Azərbaycan xalqı tərəfindən böyük sevinclə alqışlandığı birmənalıdır. Lakin baş verənlər fonunda Azərbaycanın bütün bu uğurlara Rusiyanın dəstəyi və razılığı ilə nail olduğunu iddia edən şəxslər də yox deyil. Sizcə doğrudanmı dövlətimizin əldə etdiyi bu nailiyyətlərdə Rusiyanın hansısa rolu və əməyi var?

- Azərbaycanın separatizmə qarşı apardığı mübarizədə Rusiyanın hansısa dəstəkləyici rolunun olması ilə bağlı söylənilənlər tamamilə absurddur. Azərbaycan dövləti bütün uğurlara öz Müzəffər Ali baş Komandanının qətiyyəti, şəhidlərinin qanı, qazilərinin fədakarlığı ilə nail olub. Dövlətimizin əldə etdiyi bu uğura hansısa dövlət və ya kənar qüvvələri şərik etmək cəhdi hər şeydən öncə bu insanların qəhrəmanlığına, tarixi xidmətinə kölgə salmaq deməkdir. Bu isə yolverilməz, mənəvi baxımdan bağışlanılmazdır.

Nəzərinizə çatdırım ki, 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına görə Qarabağdan qanunsuz silahlı dəstələrin çıxarılmasını, separatçıların tərk-silah edilməsini məhz Rusiyanın bölgədəki sülhməramlıları təmin etməli idi. Lakin bu Bəyanatın üzərindən 3 ilə yaxın bir vaxt keçsə də, biz bunların heç birinə şahid olmadıq. Bu isə onu göstərir ki, bu üç il ərzində qanunsuz erməni silahlı dəstələrinin Qarabağdan çxıarılmasıdna Rusiya maraqlı olmayıb və ya bunu təmin edə bilməyib. Məhz bu səbəbdən də Azərbaycan dövləti cari ilin 19 sentyabr tarixində bölgədə lokal antiterror tədbirinə start vermək, problemi yenə də öz hərbi imkanları hesabına həll etməyə məcbur oldu. Əgər Rusiyanın bölgədə hərbi-siyasi prosesərə ciddi şəkildə təsir etmək imkanı olsaydı, o zaman elə 10 noyabr Bəyanatından irəli gələn vəzifələrin icrasını təmin edərdi.

Buna görə də, Azərbaycanın Qarabağdakı uğurlarını Rusiya faktoru ilə bu və ya digər şəkildə əlaqələndirmək məntiqsizdir. Bu uğurların müəllifi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycan xalqı və onun Müzəffər Ordusudur.

- Vahid müəllim, Fransa XİN-nin rəhbəri İrəvana səfər əsnasında Ermənistana dəstəyini ifadə etdi, bu ölkəyə hərbi texnikalar verəcəklərini bildirdi. Sizcə  Fransanın Ermənistana hərbi dəstəyi hansı mətləblərdən xəbər verir?

- Fransa XİN rəhbərinin bu açıqlaması hər şeydən öncə onu göstərir ki, rəsmi Paris bölgədə vəziyyətin sabitləşməsində, sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı deyil. Buna görə də məğlub və işğalçı dövlət olan Ermənistanı yenidən silanlandırmağa, bununla İrəvanı yenidən hansısa şəkildə Azərbaycana qarşı qoymağa çalışır.

Şübhəsiz, Fransanın Ermənistana verdiyi bu dəstəkdə digər bir məqsəd Rusiyanı bu ölkədən çıxarmaqdır. Fransa bu kimi bəyanatlarla Ermənistan hakimiyyətinə göstərmək istəyir ki, İrəvanın yanındadır və ona hər cür dəstək verməyə qadirdir.

Başqa sözlə desək, Fransa Ermənistanla Rusiya arasındakı hazırkı gərgin vəziyyətdən istifadə edərək öz imperialist maraqlarını Cənubi Qafqazda reallaşdırmağa çalışır.

Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin Rusiya prezidentinin həbsinə əsas verən Roma Statutunu ratifikasiya etməsi iki ölkə arasında bütün körpüləri məhv etdi. Bütün bunları böyük maraqla izləyən Fransa zaman itirmədən İrəvanın yanıdna yer alır ki, məqsəd bölgədə Fransanın maraqlarını təmin etməkdir. Ancaq həm Fransa, həm də Ermənistan bilməlidir ki, onların Azərbaycana qarşı mümkün plan və təxribatları heç vaxt öz bəhrəsini verməyəcək.

Azərbaycan öz müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü istənilən təhlükədən qorumağa qadirdir və bunu son 3 il ərzində dəfələrlə sübut edib. Azərbaycanın təhlükəsizliyinin ən böyük qarantı isə onun Prezidenti və yenilməz ordusudur! İnsnalarımızın həm dövlət başçısı, həm də ordusu ətrafıdna birliyi göstərir ki, xalqımız bütün bu uğurlara görə kimlərə minnətdar olması gərəkdiyini bilir və onlara dəstəyini bundan sonra da davam etdirəcək! (moderator.az)