Xocalı qatilləri Köçəryanla Sərkisyan da həbs olunacaq - Polkovnik

 15:57 04.10.2023     846

Məlum olduğu kimi, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıb. Bundan başqa, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan da törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə DTX tərəfindən Bakıya gətirilib.

Bəs, Xocalı qatilləri olan Robert Köçəryan və Serj Sərkisyanı da bu tale gözləyirmi? Hazırda Ermənistanda olan bu iki şəxs və digər cinayətkarları da həbs edə bilərikmi?

Mövzu ilə bağlı ehtiyatda olan polkovnik Elşad İsayev Redaktor.az-a bildirdi ki, antiterror əməliyyatından sonra artıq separatçı rejimin rəhbərləri, ümumiyyətlə azərbaycanlılara qarşı soyqırımda iştirak etmiş çəxslərin həbsi davam edir.

Onun sözlərinə görə, hazırda 400-ə qədər erməni separatçıları axtarışdadır:

"Onların bir qismi həbs olunub, bəzilərinin də həbsi gözlənilir və güman edirəm ki, hələ bu siyahı böyüyəcək. Çünki artıq hüquq-mühafizə orqanlarımız da Qarabağ ərazisində çox yaxşı işləyirlər, silah yığma prosesi bitir. Artıq cavab vermək vaxtı gəlir. Yəni zamanında soyqırımlarda iştirak etmiş, günahsız insanların öldürülməsində, qanunsuz silahlı dəstələrdə iştirak etmiş və azərbaycanlılara qarşı soyqırım eləmiş şəxslərin həbsi gözləniləndir. Mən güman edirəm ki, say böyüyəcək və onun zamanı gələcək. Yəni onların da vaxtı gələcək. Bilirsiniz, indi Azərbaycan tərəfindən bütün tədbirlər mərhələ-mərhələ həyata keçirilir. Son dərəcədə düşünülmüş, məqsədyönlü addımlar atılır. Hesab edirəm ki, inşallah bu növbəti addımlarda terrorizmdə, separatizmdə, soyqırımlarda əli günahsız insanların qanına batmış ayrı-ayrı şəxslərin cavab vermə vaxtı gələcək. Yəni bunların həbsi gözləniləndir. Sadəcə güman edirəm ki, bunlara zaman lazımdır".

Həmidə İBRAHİMLİ