"Fransa rəsmilərinin çağrışları Ermənistanın yeni müharibəyə hazırlaşdırılmasından xəbər verir" - Lətif Şüküroğlu

 16:16 04.10.2023     582

Dünən Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın XİN başçısı Ketrin Kolonna ilə görüşüb. Görüş zamanı Paşinyan Fransadan kömək istəyib. Fransız nazir isə ölkəsinin İrəvanı silahlandıracağına söz verib.

Eyni zamanda, bu gün Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransanın hər vəchlə Ermənistanı silahlandırmağa çalışmasını qəbuledilməz adlandırıb.

Bəs, Fransanın Ermənistanı silahlandırmağa çalışması bölgədə yeni münaqişəyə gətirib çıxara bilərmi?

Məsələ iə bağlı Redaktor.az-a danışan siyasi analitik Lətif Şüküroğlu bildirdi ki, Ermənistanda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın oktyabrın 3-də mətbuat konfransı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialara Azərbaycan Xaricı İşlər Nazirliyi lazımi cavabı verib və bunu Fransanın Ermənistanı hər vəchlə silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsi adlandırıb. 

Onun sözlərinə görə, fransalı nazirin Parisin İrəvanla bu ölkəyə hərbi texnikanın və digər silahların verilməsini mümkün edəcək saziş imzalamağa razılaşmasını qeyd etməsi Fransanın Azərbaycana açıq təhdidi kimi qiymətləndirilə bilər:

"Fransa Senatının rəsmi şəxslərinin də eynitipli çağrışlar etməsi bu planların ciddiliyindən və Ermənistanın yeni müharibəyə hazırlaşdırılmasından xəbər verir. Əslində, belə təxribatçı addımlarla Fransa və onunla eyni məqsədlər güdən dövlətlərin Ermənistanda revaşinzimə dəstək vermələri bu ölkə üçün yeni faciələrdən başqa heç nə vəd etmir. İkinci Qarabağ müharibəsindən sonra belə təhrikçi addımlarla bağlı Azərbaycan dövləti adından dəfələrlə bəyan edilmişdi ki, Ermənistana havadarlıq edənlər onun yenidən münaqişəyə cəlb olunmasında deyil, Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlı olmalıdırlar. Ancaq təəsüf ki, belə olmadı və Hindistan, İran, Fransa kimi dövlətlər Ermənistanı yenidən silahlandırmaqda, revanşizmə rəvac verməkdə davam etdilər. Doğrudur, Fransa əvvəllər bunu qapalı şəkildə hansısa, humanitar yardım adı altında, yaxud dolayısı ilə, üçüncü tərəfin vasitəsi ilə həyata keçiriliməyə çalışırdı. Görünür, Azərbaycanın 2023-cü il sentyabr ayının 19-20-də 24 saatdan da az müddətdə Qarabağda apardığı uğurlu lokal antiterror tədbirlərindən sonra Fransa artıq zəif olduğunu yəqin etdiyi Ermənistanı açıq silahlandırmaq qərarına gəlib. Əlbəttə, heç şübhə yoxdur ki, Azərbaycan dövləti ona qarşı yönəlmiş istənilən addımla bağlı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Həm 44 günlük Vətən müharibəsi, həm də lokal antiterror tədbirləri göstərdi ki, Azərbaycanın belə təxribatçı addımların qarşısını almağa kifayət qədər gücü və imkanları var". 

L.Şüküroğlu qeyd etdi ki, Fransa hər zaman Ermənistana dəstək verib və bir çox hallarda bunu gizlətməyib:

"Ancaq bu ölkənin xüsusi ilə son vaxtlar Azərbaycana qarşı nümayiş etdirdiyi açıq düşmənçilik hərəkətlərinə gəlincə, bunu daha çox son 3 illik hadisələrlə bağlı Fransanın Azərbaycana təsir imkanlarının itirilməsi ilə əlaqələndirmək olar. Ancaq bu günədək bu hərəkətlərin bir nəticəsi olmayıb və ola da bilməzdi. Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi sənədlər, BMT Təhlükəsizlik Şurasının 2 iclasında Azərbaycan əleyhinə məsələnin müzakirəyə çıxarılması cəhdləri, bu ölkə rəsmlərinin müxtəlif vaxtlarda səsləndirdikləri əsassız və qərəzli bəyanatlar bir nəticə vermədi. İndi Ermənistanın silahlandırılması planlarını da eyni aqibət gözləyir. Onu da qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri və digərləri heç bir əsas olmadan Azərbaycanın Qarabağdakı erməni millətindən olan sakinlərinin həmin ərazidən könüllü deyil, zorla getdiklərini iddia edirlər. Bununla onlar beynəlxalq ictimaiyyəti çaşdırmağa, Azərbaycana qarşı məqsədli şəkildə yalan və böhtan xarakterli təbliğat aparılmasına çalışırlar. Halbuki, prosesləri yerində izləyən BMT-nin müvafiq qurumları, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlar tamam fərqli mövqe səsləndirmiş, erməni millətindən olan sakinlərin Qarabağı könüllü tərk edtiklırini açıqlayıblar".

Siyasi analitik onu da vurğuladı ki, Fransa Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycanın 20%-ə yaxın torpaqlarını işğal altında saxlamasına, həmin ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə və digər müharibə cinayətləri, soyqırımları törədilməsinə biganə qalmış, münaqişənin nizamlanmasına cəlb olunmuş həmsədr ölkə kimi öz beynəlxalq öhdəliklərini yerinə yetirməyi bacarmamış bir dövlətdir.

"Onun bu gün Azərbaycana qarşı tutduğu açıq düşmənçilik mövqeyi isə bu ölkənin BMT Təhlükəsizlik Şurası kimi dünya düzənində iştirak etmək hüququ verən statusa layiq olmadığını bir daha ortaya qoyur. Halbuki mövcud statusu Fransanın qarşısında hazırda sərgilədiyindən tamam fərqli öhdəliklər – dünyada sülhün, ədalətin bərpa olunması, inkişafa və tərəqqiyə dəstək öhdəlikləri qoyur. Yeri gəlmişkən, son 3 il ərzində Azərbaycan Ermənistanla davamlı sülhə nail olmaq təşəbbüsləri və konkret təklifləri ilə məhz bu yolu tutub. Təəssüf ki, Ermənistan və ona havadarlıq edən, əslində isə, növbəti fəlakətlərə təhrik edən dövlətlər, xüsusən Fransa hələ də Azərbaycanın xoş niyyətini, Cənubi Qafqaza uzunmüddətli sülh, əmin-amanlıq və inkişaf gətirmək təşəbbüslərini qiymətləndirməkdən uzaqdırlar", - deyə L.Şüküroğlu qeyd etdi

Həmidə İBRAHİMLİ