"Yeni münaqişə Ermənistanın müstəqilliyinə böyük bir təhlükə yarada bilər" - Polkovnik
"Fransa əvvəldən də Ermənistanı müdafiə edir".
Bunu Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elşad İsayev Fransanın xarici işlər naziri Ketrin Kolonnanın ölkəsinin Ermənistanı silahlandıracağı ilə bağlı açıqlamasına münasibət bildirəkən dedi.
Fransanın İrəvanı silahlandırmağa çalışmasının bölgədə yeni münaqişəyə səbəb olub-olmayacağına gəlincə, həmsöhbətimiz bunu istisna edir:
"Mən güman etmirəm ki, məsələ bu həddə gəlib çata bilsin. Çünki ümumiyyətlə, Fransa sülhə mane olur. Dövlət səviyyəsində, parlament səviyyəsində açıq-aşkar Azərbaycana qarşı düşmənçilik siyasəti aparırlar. Mən güman etmirəm ki, Fransa Ermənistanı silahlandıracaq və bundan yeni bir münaqişə yarada biləcəklər. Sadəcə mən hesab edirəm ki, əgər belə bir münaqişə, məsələ yarana bilsə, bu, Ermənistanın artıq özünün müstəqilliyinə böyük bir təhlükə yarada bilər. Hər halda anlayırlar ki, bu, böyük riskli bir məsələdir. Bu gün bizim Xarici İşlər Nazirliyinin də bəyanatı oldu ki, Fransanın Ermənistanı silahlandırmağa cəhd göstərməsi artıq məqbul məsələ deyil. Çünki bu, artıq məsələləri bir az da qərizləşdirməkdir. Bir az da sülh prosesinə, sülhün imzalanmasına mane olmaqdır. Həm də Cənubi Qafqazda Fransa güclənmək istəyir, Rusiyanı istəyirlər sıxışdırıb çıxarsınlar. Cənubi Qafqazda müəyyən maraqları var".
Polkovnik qeyd etdi ki, Azərbaycan dövləti, Azərbaycan prezidenti, Ali Baş komandanımız bütün bu məsələlərə diqqətlə yanaşır, diqqətlə baxılır.
"Hesab edirəm, bizim siyasətimiz tamamilə düzgündür və çox ağıllı, düşünülmüş, məqsədyönlü siyasət aparılır. Ona görə mən yeni bir münaqişənin olacağını düşünmürəm. Sadəcə, müəyyən təxribatlar, təbii ki, davamlı ola bilər. Sərhəddə ayrı-ayrı təxribatlar törədilə bilər. Amma mən böyük münaqişənin olacağına inanmıram", - deyə Elşad İsayev bildirdi.
Həmidə İBRAHİMLİ