Makron “illüziyalar aləmində” yaşayır

 18:40 04.10.2023     427

Fransa Prezidenti Emmanuel Makron və onun administrasiyası “illüziyalar dünyasında”dırlar, Cənubi Qafqaza doğru ən ağılsız addımlar atır və yalnız regionda sabitliyi pozurlar.

Redaktor.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Türkiyədən olan ekspert, Ankaranın Başkənd Universitetinin professoru Həsən Ünal “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində deyib.

Ekspert Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Parisin İrəvanla müqavilə imzalamağa razı olduğu, bunun sayəsində Fransanın Ermənistana hərbi texnika vermək imkanı əldə etməsi barədə açıqlamasına diqqət çəkib. Analitikin fikrincə, bu cür məsuliyyətsiz addımlar Cənubi Qafqaz regionunda sabitliyi daha da pozacaq. Ünal, "Ağıllarına gələn ən ağılsız addımları atırlar" deyib.

O qeyd edib ki, “Makron və onun administrasiyası illüziyalar aləmində yaşayır”, çünki əks halda oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Azərbaycan, Ermənistan, Fransa, Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin iştirakı ilə keçiriləcək görüş ərəfəsində belə dağıdıcı addımlar atılmayacaqdı. Ekspertin fikrincə, Parisin seçdiyi kurs Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyada danışıqlardan imtina etməsini böyük ölçüdə əvvəlcədən müəyyənləşdirib. "Fransanın Qafqazdakı bütün siyasəti yalnız qan tökmək və münaqişələrdən ibarətdir. Onlar indiki reallıqları anlamırlar. Onlar illüziyalardan qurtulmalıdırlar", - o əlavə edib.

Turan İSMAYIL