"Azərbaycana müharibə ritorikaları ilə çıxış etməyə başladılar" - Deputat Qranada görüşündən imtinadan danışdı

 12:47 05.10.2023     925

Xəbər verdiyimiz kimiPrezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib.

Buna səbəb isə Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır. Belə bir şəraitdə Azərbaycan tərəfi danışıqlar aparmaqdan imtina edib.

Ölkə başçısının bu qərarı ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu  Redaktor.az-a danışdı.

O, söylədi ki, Azərbaycan hər hansı nəticənin əldə olunması mümkün olmayan görüşlərdə görüş xatirinə iştirak etmək fikrində deyil:

"Çünki Qranadada planlaşdırılmış görüşün iştirakçıları görüşdən əvvəl Azərbaycana sülh deyil, müharibə ritorikaları ilə çıxış etməyə başladılar. Fransa prezidenti XİN başçısını İrəvana göndərərək, İrəvanın silahlandırılaması ilə bağlı bəyanatlar səsləndirməklə, Qrandada mümkün sülhlə bağlı danışıqları əvvəlcədən şübhə altına almış oldu. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyanın Qarabağda erməniləri satmasını iddia etməklə yenə Qranadada obyektiv mövqedə çıxış edəcəyi ilə bağlı gümanları əvvəlcədən şübhə altına almış oldu və üstəlik də Azərbaycanın tələb etdiyi formatda görüşün keçirilməsi qəbul olunmadı. Azərbaycan bu görüşdə qardaş Türkiyə dövlətinin də iştirak etməsini istəyirdi, ancaq buna razılıq verilmədi. Belə olan halda əvvəlcədən məlum idi ki, Qranadada hər hansı sülh danışıqlarından daha çox, Azərbaycanın suveren iradəsi üzərində təzyiq yaratmaqdan söhbət gedir. Azərbaycan isə tam suveren, müstəqil ölkə kimi öz suveren iradəsinin üzərində hər hansı bir iradənin tanınmayacağını ortaya qoymuş oldu. Eyni zamanda kollektiv Qərbin yeni siyasi trendi olan milli aktorları yalnızlaşdıraraq onların üzərindən öz mənafelərini təmin etmək siyasətini qəbul etmədiyini göstərdi. Ona görə də Azərbaycan sülh mövqeyində qalır, həqqi sülhlə bağlı danışıqların aparılacağı hər hansı bir platformada iştirak etməyə hazırdır. Necə ki, artıq bəyan edildiyi kimi, Ermənistan - Azərbaycan - Avropa İttifaqı üçtərəfli platformasında, əgər Ermənistan sülhə hazırdırsa, Azərbaycan sülh danışıqları aparmağa əvvəlcədən hazırdır".

Humay İSGƏNDƏRLİ