Sülhməramlılar Qarabağı vaxtından əvvəl tərk edəcəklər? - AÇIQLAMA

 13:10 05.10.2023     1947

Oktyabrın 4-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti Azərbaycanla birgə razılaşdırılaraq müəyyən ediləcək.

Qeyd edək ki, sentyabrın19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatından sonra separatçılar təslim oldular və Xankəndidəki qondarma qurum özünün ləğvi barədə qərar verdi. Artıq Xankəndi başda olmaqla Qarabağ bölgəsinə tamamilə Azərbaycan Ordusu və digər dövlət qurumlarımız nəzarət edir. Belədə sülhməramlıların Qarabağda qalmasına ehtiyac varmı? Onlar vaxtından əvvəl ərazidən çıxa bilərlərmi?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev bildirdi ki, sülhməramlı qüvvələr 2020-ci ilin noyabr ayında imzalanmış müvafiq müqavilə əsasında Qarabağda öz funksiyalarını yerinə yetirməkdədirlər.

Onların sözlərinə görə, əsas bunların məramı da iki qarşıduran tərəf arasında məhz sakitliyi yaratmaq, bir-birinə olan hər hansı bir silahlı və digər addımın qarşısını almaqdır:

"Əsas məqam da heç bir tərəfə birmənalı köməklik göstərməmək, sülhün bərqərar olmasıdır. Bu gün də məlumdur ki, artıq Qarabağda, yəni Xankəndi və ətraf rayonlarda lokal-antiterror əməliyyatları bitdikdən sonra, orada sülhün bərqərar olması istiqamətində, reinteqrasiya istiqamətində addımlar atdıqdan sonra artıq onların funksiyası dəyişir. Yəni bu gün onların mandatı 2025-ci ilə qədərdir. Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra, eyni zamanda Qarabağ ərazisində sülh bərqərar olduqdan sonra onların orada qalmağa heç ehtiyacı qalmayacaqdır".

Deputatın fikrincə, əsas məsələ odur ki, bu gün onların məhz ərazidə olması reinteqrasiya məsələlərinə ancaq köməklik göstərə bilər.

"Yəni bu məsələdə onlar bizim hüquq mühafizə orqanları ilə birlikdə birgə patrul keçirmək, minalardan təmizlənmə, binalarda olan minaların aşkarlanması istiqamətində addımlar ata bilərlər. Birmənalı şəkildə sülh bərqərar olduqdan sonra, artıq Xankəndi üzərində Azərbaycan bayrağı dalğalandıqdan sonra doğrudan da sülhməramlıların ərazidə olmasına ehtiyac qalmadıqda, onlar ərazini tərk etməlidirlər. Düşünürəm ki, belə də olacaqdır. Lakin bugünkü gün onlar bir sıra məsələlərin həllində bizim hüquq mühafizə orqanları, eyni zamanda, xüsusi xidmət orqanları, hərbi kontingentlə birlikdə öz peşə fəaliyyətini həyata keçirirlər. Təbii ki, hər bir məsələnin sonu olmalıdır və bu, Azərbaycan tərəfi ilə razılaşdıqdan sonra bizim şərtlərimizə uyğun olaraq vaxtı gələndə ərazini tərk edəcəklər", - deyə Arzu Nağıyev bildirdi.

Həmidə İBRAHİMLİ