"Bəzən deyirlər ki, guya təkcə Rusiya burada maraqlıdır..." - Tofiq Zülfüqarovdan Zəngəzur dəhlizi AÇIQLAMASI
"Zəngəzur dəhlizi təkcə, Rusiya və Azərbaycan üçün yox, həm də Qərb üçün çox vacibdir".
Bunu Redaktor.az-a Ermənistanın Zəngəzur ddəhlizinin açılmasını özünə ərazi iddiası hesabı etməsi ilə bağlı danışan keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov söylədi.
O, dedi ki, indi əsas maraq Mərkəzi Asiyadır:
"Yəni Çin faktorunu götürsək, görəcəyik ki, Mərkəzi Asiya nümayəndələri ilə indi həm Çin tərəfindən görüş olub, həm ABŞ Prezidenti Co Bayden bu ölkələrin başçıları ilə görüşüb. Azərbaycanın, Türkiyənin və digər ölkələrin bir yerdə toplanması və Türk Dövlətləri Təşkilatının yaradılması onu göstərir ki, indiki mərhələdə ümumi desək, Qərb də maraqlıdır ki, Zəngəzur dəhlizi işlək vəziyyətdə olsun. Çünki Qərbin maraqlarını Mərkəzi Asiyada təmin etmək üçün mütləq və mütləq Türkiyə faktoru, Azərbaycan faktoru və digər türk dölkələrin faktoru istifadə olunmalıdır. Ona görə Zəngəzur indiki mərhələdə çox vacib bir geopolitik bir nöqtədir ki, onun istifadəsi artıq bəyan olunub. Hətta, İran da təklif edir və Türkiyə prezidenti bəyan edib ki, əgər, Ermənistan razı olmasa, dəhliz İran ərazisindən keçəcək. Ermənistanın reallıqdan uzaq bölgəyə və geopolitik proseslərə baxışı böhran yaradır və Azərbaycan çalışır ki, bu böhranı həll etsin. Bu böhranı həll eləmək üçün eyni zamanda biz istəyirik ki, Naxçıvanla əlaqəmiz təhlükəsizlik, maneəsiz olsun. Yəni bizim burada öz marağımız var və geopolitik oyunçuların da marağı mövcuddur. Bəzən deyirlər ki, guya təkcə Rusiya burada maraqlıdır. Baxın, indi təsdiq olunub ki, İstanbulda Rusiya və Qərb nümayəndələri görüşüblər və Ermənistanla Azərbaycan arasında olan vəziyyəti müzakirə ediblər, bundan dərhal sonra Türkiyə prezidenti bəyan edib ki, Zəngəzur dəhlizi İrandan da keçə bilər. Hesab edirəm ki, Azərbaycan bu oyunda udmuş tərəf olacaq".
Humay İSGƏNDƏRLİ