"Fransanın ermənilərə böyük bir sevgisi varsa, niyə onları öz dövlətinə dəvət etmir?" - Politoloq

 16:40 05.10.2023     531

"Əvvəldən humanitar böhran yaradılmasının arxasında Fransa dayanırdı və o yüklərin gəlib sərhəddə dayanması, o şounun yaradılması təkcə bu antiterror tədbirlərinə qədər deyildi. Laçın yolunda sərhəd-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra artıq Fransa gördü ki, bölgəyə təsir imkanları azalır və başladılar belə bir blokada şousuna ki, guya Qarabağın erməni əhalisi blokadadadır, onlara yardım etmək lazımdır. Əslində bu təxribat mart ayında hazırlanırdı. Ancaq gecikdi. Gəldi iyun, iyul aylarına təsadüf etdi. Onlar bilirdilər ki, o yüklər buraxılmayacaq. Çünki Azərbaycanın suveren ərazilərində yükü buraxıb-buraxmamağı özü müəyyənləşdirir. İkincisi də Azərbaycana rəsmi şəkildə müraciət olunmalıdır ki, həqiqətən oradakı sakinlərə göndərilsin, yoxsa yox. Niyə Fransa xarici işlər naziri onların qayıtmasını əngəlləyir?"

Bunu Redaktor.az-a açıqlamasında politoloq Tural Əliyev Fransanın Qarabağı tərk edən ermənilərin yenidən qayıtmağına əngəl olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa əlində olan beynəlxalq alətləri "etnik təmizləmə" yönündə həm Azərbaycana qarşı, həm Türkiyəyə qarşı istifadə etməyə çalışacaq:

"Guya ki, bir qondarma 1915-ci il "erməni soyqırımı" vardı, bu da ikinci "soyqırım"dır. Fransa mülki əhalidən bir sipər hazırlayıb siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Əgər doğrudan da Fransanın onlara böyük bir sevgisi varsa, niyə Fransa onları öz dövlətinə dəvət etmir? Əgər həqiqətən də onlar böyük bir təcavüzə məruz qalıblarsa, onlara niyə sığınacaq vermir? Xeyr, məhz həmin əhalini orada saxlayıb, o əhalidən də Azərbaycana qarşı istifadə etmək istəyir. Ancaq Azərbaycan öz işini görür. Vətəndaşlıq könüllülük prinsipi əsasında həyata keçirilib. Məcburiyyət qarşısında nə kimsə vətəndaşlıqdan çıxarılır, nə də kiməsə vətəndaşlıq verilir. Azərbaycan öz proqramını elan edib. Prezident Administrasiyası ortaya sənəd qoyub. Bu, böyük bir yol xəritəsidir və orada hər bir sosial, mədəni, dini, iqtisadi, siyasi, təhlükəsizlik haqqında ayrıca bir bənd var. Bu bənddə də açıq aşkar yazılıb. Hətta onların lap dərinliklərinə getsək və sosial proqramların içində, iqtisadi proqramların içində erməni vətəndaşlığı alacaq şəxslərə subsidiyaların ayrılması, fermerlərə şəraitin yaradılması, onları torpaq vergisindən başqa digər vergilərdən azad etmək güzəştləri var. Bundan böyük nə güzəştlər ola bilər? Heç Ermənistanın özü bu güzəştləri verə bilməyəcək".

Politoloq onu da qeyd etdi ki, Qarabağdan gedən ermənilərin sayı da şişirtmədir:

"Düşünmürəm 100 min civarındadır. Niyə rəqəmi şirdirdilər? Biz əvvəlcədən də bilirdik ki, o rəqəmi şişirdilib Azərbaycana qarşı hansısa bir beynəlxalq məhkəmədə və ya beynəlxalq təşkilatlarda bir əsaslar yaradıb həm təzminat məsələsin qaldırsınlar, həm də beynəlxalq mexanizmləri ora gətirsinlər. Avropa İttifaqının müşahidə missiyası da sərhəddə dayanıb. Onların tərkib hissəsi kəşfiyyatçılardan ibarətdir. Onların məqsədi Qarabağa keçib orada oturmaq niyyətində idi ki, guya Rusiya sülhməramlılarıyla bərabər sülh prosesini həyata keçirsinlər. Ancaq Azərbaycan antiterror tədbirləri ilə öz suveren hüquqları çərçivəsində bunun qarsısın aldı. Heç bir dövlət Azərbaycanı heç nədə ittiham edə bilməz", - deyə Tural Əliyev vurğuladı.

Həmidə İBRAHİMLİ