"Fransanın Qranada görüşündə Azərbaycana qarşı mövqeyi fiyaskoya uğradı" - Vahid Əhmədov

 12:23 06.10.2023     247

“Təəssüf ki, başda Fransa olmaqla bir sıra Avropa dövlətləri Azərbaycanın bu qələbəsini həzm edə bilmədi və dövlətimizin əleyhinə bir sıra bəyanatlar verməyə başladılar. Hər zaman Ermənistanın çirkin əməllərini müdafiə edən Fransa, azmış kimi dərhal öz xarici işlər nazirini Ermənistana ezam etdi və o da səfəri öncəsi Türkiyə ərazisində yerləşən Ağrı dağının fotosunu Ermənistan ərazisi kimi təsvir edərək çirkin niyyətini gizlətmədi”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib. 

“Səfər zamanı Azərbaycan əleyhinə bir sıra sərsəm açıqlamalar verməklə, öz çirkin niyyətlərini bir daha mümayiş etdirdilər və qeyd etmək istəyirəm ki, bizim Xarici İşlər Nazirliyindən tutarlı cavablarını da aldılar.  Çox düzgün olaraq bu hadisələrin fonunda cənab Prezident İspaniyada keçirilən Aİ-nin toplantısına getməyəcəyini bəyan etdi, bu qərar təbii ki, böyük narahatcılıq yaratdı və Almaniyanın kansleri  Olaf Şoltsun  zəng etməsi vəziyyətin nə qədər ciddi olmasından xəbər verirdi. Beştərəfli görüş bizim iştirakımız olmadan baş tutsa da, Ermənistanın baş naziri Avropa İttifaqı, Almaniya və Fransanın rəhbərlərinin iştirakı ilə Qranadada Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə rəsmi sənəd-bəyanat imzaladı. Faktiki olaraq, Fransa prezidentinin Qranada görüşündə Azərbaycana qarşı mövqeyi fiyaskoya uğradı və Makron Azərbaycana qarşı sanksiyalar yox, danışıqlar yolunu tutmağı təklif etdi.

Bunun ardınca, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel oktyabr ayının sonunda Azərbaycan və Ermənistan prezidentlərinin Brüsseldə görüşünün təşkili barəsində fikir söylədi. Almaniya kansleri Olaf Şolts Azərbaycanın ərazi bütövlüyünü bir daha qeyd edərək BMT missiyasının Qarabağda fəaliyyətini və oradaki vəziyyəti yüksək qiymətləndirdi.

Bəzi siyasətçilər və ekspertlər  19 sentyabrda qazanılmış qələbənin üzərinə kölgə salaraq bu qələbəni yalnış olaraq bəzi dövlətlərlə, xüsusilə İran və Rusiya ilə bölüşməli olduğunu qeyd edirlər. Bu fikir absurddur və qəbuledilməzdir. Bu qələbə başda Ali Baş Komandan olmaqla Azərbaycan Ordusunun və Azərbaycan xalqının layiqli qələbəsidir. 

Hesab edirəm ki, hazırkı məqamda Azərbaycan əsas üç məsələni tez bir zamanda həll etməlidir:

- Ermənistan ilə sülh müqaviləsi imzalanması,

- Rusiya sülhməramlılarının bölgədən tədricən çıxarılması,

- Xankəndidə idarəetmə və icra orqanlarının fəaliyyətinin təşkil edilməsi”,- deyə Vahid Əhmədov bildirib.

Humay İSGƏNDƏRLİ