"Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, bütün cəhdləri əbəsdir" - Spiker

 12:48 06.10.2023     360

"Bildiyiniz kimi, dünən Avropa Parlamentində Azərbaycanı hədəf alan çirkin siyasi aksiya təşkil olunub. Ölkəmizə qarşı böhtanlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilib.

Belə bir qeyri-obyektiv sənədin ortaya çıxması onu göstərir ki, Avropa Parlamentində bəzi qüvvələr Azərbaycanın həyata keçirdiyi anti-terror tədbirləri, Qarabağ bölgəsində suverenliyimizin tam bərpa olunması, münaqişənin tarixə qovuşması ilə heç cür barışa bilmirlər. İşğal dövründə mövcud olmuş və artıq özünü buraxmış qondarma qurumun dəstəklənməsi separatizmə rəvac verməyə yönəlib".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2023-cü il 6 oktyabr tarixli plenar iclasında çıxışı zamanı dedi.

Spiker bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərin görməzliyə vurulması Avropa Parlamentinin ikili standartlardan əl çəkə bilmədiyini göstərir. Azərbaycanın etnik təmizləmədə ittiham edilməsi isə siyasi məsuliyyətsizliyin ən bariz nümunəsidir.

"Qeyd etmək lazımdır ki, sözügedən sənəd əsasən Fransalı deputatların təşəbbüsü ilə hazırlanmış və müzakirəyə çıxarılmışdır. Bu da heç də təsadüfi deyil, çünki Fransa bu gün bütün dəyərləri bir kənara qoyaraq, açıq-aşkar təcavüzkar Ermənistan dövlətinin yanında yer almışdır.

Ancaq həm Fransada, həm də bəzi digər ölkələrdə və təşkilatlarda Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr bilsinlər ki, bütün cəhdləri əbəsdir. Haqq-ədalət Azərbaycanın tərəfindədir. Azərbaycan güclü dövlətdir və xalqımızı yenidən fəlakətə sürükləmək istəyən qüvvələrin qarşısını almağa qadirdir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, “uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər – nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik”", - deyə Sahibə Qafarova bildirdi.

Humay İSGƏNDƏRLİ