"Fransa ərazisində yerləşən beynəlxalq parlament institutları çıxarılmalıdır" - Tural Gəncəliyev

 17:49 06.10.2023     419

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsinə cavab olaraq bəyanat qəbul etdi.

Bildirək ki, Avropa Parlamenti oktyabrın 5-də Azərbaycanla bağlı qərəzli qətnamə qəbul edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev söylədi ki, Avropa parlamentinin beş oktyabrda qəbul etdiyi qətnamə ölkəmizə qarşı çox qərəzli azərbaycanfobiya, islamofobiya, türkofobiya ruhunda qəbul edilmiş bir qətnamədir:

"Mən çox təəssüf edirəm ki, özlərini dünyanın ən böyük parlament institutu, "demokratik institut"u adlandıran Avropa parlamenti, Fransanın erməni lobbisinə işləyən bir qrup siyasətçilərin əlində alət olmuşdur. Bu parlament qətnaməsinin bizə qarşı heç bir öhdəliyi yoxdur. Azərbaycan Avropa İttifaqının üzvü deyil. Əksinə, biz bu qətnaməni pisləyən, ona necə lazımdır yaxşı cavabımızı bu gün Milli Məclisin bəyanatıyla verdik. Fransa parlamentarizmə həqarət edir, qara yaxır. Çünki əgər Fransa öz ölkəsinin ərazisində yerləşən Strasburqda yerləşən parlament institutlarından manipulyasiya edərək Azərbaycana qarşı bu kimi qarayaxma aparırsa, onda mən deyim ki, Fransa parlamentarizmə belə münasibət göstərdiyinə görə, AŞPA Fransa ərazisində yerləşməməlidir. Çünki bu binaları, bu institutları öz siyasəti üçün istifadə edib, alət edir.

Yeri gəlmişkən, bir neçə gün bundan öncə, Fransa parlamentində Azərbaycanla münasibətlər üzrə işçi qrup var idi və onlar özlərini buraxdılar. Bu da parlamentarizmə böyük bir zədədir. Biz parlament işçi qruplarında gedib bir-birimizi tərifləmirik ki,  problemli münasibətləri diskusiya edirik, müzakirə edirik. Ancaq Fransanın nə qədər anti Azərbaycan sentimentindən irəli gəlir ki, onlar hətta işçi qrupun olmasını belə istəmirlər. Ona görə də mən hesab edirəm ki, Fransa ərazisində yerləşən beynəlxalq parlament institutları çıxarılmalı, başqa ölkələrə keçirilməlidir. Örnək üçün, 66-cı ildə Fransa NATO çərçivəsində müəyyən siyasət aparırdı və NATO bundan razı deyildi. Ona görə NATO-nun mənzil qərargahı Parisdən Brüsselə keçirilmişdir. Bu da bizim üçün təcrübədir".

Humay İSGƏNDƏRLİ