İsraildə son durum - Şəhərlər bombalanır, itkilər var

 23:58 07.10.2023     546

İsrailin bir sıra şəhərləri - Təl-Əviv, Bat Yam, Yavna və Rişon LeZion güclü raket atəşinə tutulub.

Redaktor.az xəbər verir ki, bu barədə "Haaretz" qəzeti yazıb.

Məlumata görə, yaşayış binalarına və digər mülki infrastruktura birbaşa zərbələr endirilir.

Nəşr bildirir ki, Təl-Əvivdə raket hücumu nəticəsində azı 7 israilli, Rişon-Lezionda isə 3 nəfər ağır yaralanıb. Bat Yam və Yavkaya hücumda ölənlərin sayı hələ dəqiqləşdirilməyib.

İsrail Müdafiə Qüvvələrinin nümayəndələri də öz növbəsində HƏMAS hərəkatının Qəzza zolağında bir sıra hədəflərinə cavab zərbələri endiriblər.

“Reuters”in məlumatına əsasən, İsrail təyyarələri HƏMAS-ın Qəzza zolağındakı rəhbəri Yəhya Sinvarın evini bombalayıb. CNN-in xəbərinə görə, HƏMAS-ın hərbi qanadı “Qəzza şəhərinin mərkəzindəki yaşayış qülləsinə vurulan zərbəyə” cavab olaraq Təl-Əvivə daha 150 raket atdığını bildirib.

Ümumilikdə İsrail ərazisinə atılan 3 mindən çox raket 1 452 nəfərin xəsarət almasına səbəb olub.

İsrail Səhiyyə Nazirliyi bildirib ki, hazırda 18 nəfərin vəziyyəti çox ağır, 267-nin ağır, 279-nun orta ağır, 636 yaralının vəziyyəti isə yaxşıdır.