"İsrail kimi güclü bir dövlət HƏMAS-ın bu təcavüzünün qarşısını alacaq" - Fəzail Ağamalı

 11:56 09.10.2023     442

Xəbər verdiyimiz kimi, Fələstin ərazisindəki HƏMAS təşkilatı İsrailə qarşı genişmiqyaslı hücumlara başlayıb.

Son statistikaya əsasən İsrail tərəfində həyatını itirənlərin sayı 700 nəfəri ötüb. Ölkənin cənubunda ən azı 260 musiqi festivalı ziyarətçisi həlak olub. Xəsarət alan israillilərin sayı 2382 nəfərdir. Ölən hərbçilərdən isə 73 nəfər məlumdur. HƏMAS bildirib ki, yüksək rütbəli zabitlər də daxil olmaqla 100-dən çox israilli əsir götürülüb.

Fələstin tərəfi isə 436 fələstinlinin həlak olduğunu açıqlayıb. Daha 2271 nəfər isə xəsarət alıb.

İki ölkə arasındakı qarşıdurma ilə bağlı Redaktor.az-a danışan Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəzail Ağamalı bildirdi ki, baş verən hadisələri çox həyəcanla izləyir:

"HƏMAS-ın İsrailə qarşı, dinc əhaliyə qarşı terror əməliyyatını pisləyirik, lənətləyirik. İsrail xalqı ilə bərabər olduğumuzu bir daha bəyan edirəm. Terrorizm hər zaman insanlara böyük fəlakət və faciələr gətirib. Bu da növbəti faciələrdən biridir. Mən əminəm ki, İsrail kimi güclü və oturuşmuş bir dövlət HƏMAS-ın bu təcavüzünün qarşısını alacaqdır. Verilən məlumatlar da, dediyimə kifayət qədər əsaslar yaradır. Hadisə baş verən kimi də işçi qrupu yığışdı və bəyanat qəbul etdi. Bildirdik ki, dost ölkədə bu insan qırğınına son qoyulsun və həmişəlik olaraq İsrail dövləti bu cür terrorlardan sığortalansın".

Humay İSGƏNDƏRLİ