"Belə düşünülür ki, Rusiya da bu məsələdə HƏMAS-a dəstək verir" - Politoloq

 14:15 09.10.2023     351

"Bütün münaqişəli məsələlərdən dünyanın müxtəlif ölkələri öz xeyrinə istifadə etmək istəyir". 

Bunu Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan HƏMAS-İsrail toqquşmasında hansı dövlətlərin maraqlı olmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, HƏMAS-İsrail qarşıdurmasında İsraili müdafiə edən ölkələr ayrıdır, HƏMAS-ı müdafiə edən ölkələr ayrı:

"Məsələn, Rusiyanın açıq şəkildə bu konfliktdə tərəflərin hansısa birinin müdafiə etdiyinə dair açıqlama yoxdur. Yəni tutaq, Fələstini dəstəkləyirik, yaxud HƏMAS-ı dəstəkləyirik deyə açıq bəyanat yoxdur. Yaxud İsraili müdafiə etdiklərinə dair də bir açıqlama yoxdur. Nə var? Münaqişənin danışıqlar yolu ilə həll olunmasına dair ortaq çıxışlar var. Bu tip diplomatik və növbətçi ifadələr istifadə olunur. Çünki HƏMAS-dan İsrail əleyhinə silah istifadə etmək Rusiya üçün çox baha başa gələ bilər. Buna görə də Rusiya bunu açıq şəkildə etiraf etmir. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, əgər HƏMAS-dan istifadə edərsə, Rusiya İsrailə qarşı müharibədə iştirak edir. Ona görə də Rusiyanın açıq şəkildə açıqlaması yoxdur. Ola bilər, perspektivdə HƏMAS-la bağlı hansısa müsbət açıqlamalar versinlər, amma hələ ki, elə bir şey yoxdur. Çünki HƏMAS-ın lideri İsmayıl Həniyyə vaxtilə Rusiyada olub, Rusiyanın prezidenti ilə, xarici işlər nazirləri ilə görüşüb. Yəni bir siyasi təşkilat olaraq HƏMAS-la Rusiya hakimiyyətinin münasibətləri heç də pis olmayıb. Bu baxımdan belə düşünülür ki, Rusiya da bu məsələdə HƏMAS-a dəstək verir. Amma ehtimallar var".

S.Sultan qeyd etdi ki, HƏMAS özü silah istehsal etmir. Dediyinə görə, HƏMAS Qəzza zolağında elə böyük iqtisadiyyata malik deyil.

"Fələstin qaçqınları, Fələstin dövləti və eləcə də Qəzza zolağındakı HƏMAS sponsorlar hesabına yaşayır. Donor dövlətlər onları yaşadır və ona görə də onların əldə etdikləri silah, döyüşçüləri və s. hamısı sponsorların hesabına fəaliyyət göstərir. Bunu kim dəstəkləyir? Tutaq ki, HƏMAS-a kim, hansı formada yardımlar edir? Kimin silahı orada daha çox istifadə olunur? Bunların hamısını İsrail tərəfinin apardığı araşdırmalar deməlidir. İsrail tərəfi araşdırma edəcək və bəyan edəcək ki, “Hə, burada hansı ölkələrin silahları var”, yaxud HƏMAS tərəfdə hansı ölkənin döyüşçüləri var idi. Yəni bu tip məsələlərin hamısını İsrail açıqlayarsa, onda beynəlxalq ictimaiyyət də məlumatlanacaq. Hesab edirəm ki, gələcəkdə HƏMAS-ın atdığı addım beynəlxalq komissiyalar tərəfindən araşdırılacaq. Çünki bu, gözlənilməz bir hadisə idi. Burada hansı dövlətlər hansı formada iştirak ediblər, həmin o komissiyaların araşdırmaları nəticəsində məlum olacaq. Bütün deyilənlər isə hələ ki, ehtimallardır və bu ehtimallara görə də ictimai rəyi çaşdırmaq olar. Amma HƏMAS-ı, Fələstini müdafiə edən təşkilatlar, dövlətlər və onların sponsorları da bəllidir", - deyə politoloq bildirdi.

Həmidə İBRAHİMLİ