"Vətən müharibəsində İsrailin Azərbaycana göstərdiyi dostluq münasibətini unutmamışıq"

 14:26 09.10.2023     303

"7 oktyabrda HƏMAS hərəkatı "İslami-Cihad"la birgə İsrailə qarşı qəfil hücum – "Əqsa tufanı" əməliyyatı başladaraq, Qəzza zolağından İsrailin cənub və mərkəzinə bir neçə min raket zərbəsi endirib. Nəticədə aralarında mülki şəxslər, polis əməkdaşı və hərbçilər olmaqla 700 nəfərdən çox israilli ölüb, 2 315 nəfər yaralanıb. İsraildə bu hücumlar İkinci Dünya müharibəsində Yaponiyanın ABŞ-ın Perl-Harbor hərbi bazasına qəfləti hücumu ilə müqayisə edilir".

Bunu Redaktor.az-a açıqlamasında siyasi ekspert Lətif Babayev HƏMAS–İsrail qarşıdurması ilə bağlı danışarkən bildirdi.

O, qeyd etdi ki, hücumun ilk günündə Baş nazir Benyamin Netanyahu İsrailin müharibə vəziyyətində olduğunu bəyan edib və İsrail ordusu HƏMAS-a qarşı “Dəmir Qılınclar” əməliyyatını başladıb:

"Bəzi məlumatlara görə, İsrail Müdafiə Qüvvələrinin qırıcıları, helikopterləri və artilleriyası oktyabrın 8-də Qəzza zolağında HƏMAS hərəkatı və “İslami-Cihad” qruplaşmasının 500-dən çox hədəfinə, eləcə də çoxmərtəbəli binalara zərbələr endirib. HƏMAS-ın 7 komanda mərkəzi, 2 əməliyyat məntəqəsi, terrorçulara məxsus 3 tunel vurulub. 91-i uşaq olmaqla 436 nəfər fələstinli ölüb. 2271 nəfər yaralanıb.

Diqqəti cəlb edən bir məqam da odur ki, HƏMAS-ın bu hücumları İsrailin Misir və Suriya koalisiyası üzərində qələbə çalmasının 50 illiyində həyata keçirilib. İsrail HƏMAS-ı tam məğlub etmək üçün ona qarşı genişmiqyaslı müharibə elan edib. İsrail bununla HƏMAS-ın Qəzza zolağındakı tunellərdən ibarət şəbəkəsini, eləcə də raket və silah istehsalı üçün qurulmuş obyektlərini məhv etmək, öz təhlükəsizliyinə yeni uzunüddətli dövr üçün etibarlı zəmin yaratmaq əzmindədir.

Bəzi məlumatlarda İsrail ordusunun Qəzza zolağı ilə sərhəddə altı ərazidə apardığı döyüş əməliyyatları ilə HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə hazırda nəzarəti bərpa etdiyi bildirilir. Məlumata görə həm də HƏMAS liderlərini məhv etmək və qruplaşmanın Qəzza zolağında girov saxladığı 130-dən çox israillini azad etmək üçün İsrailin oraya quru qoşunları göndərəcəyi gözlənilir.

ABŞ Prezidentinin İsraili hərtərəfli dəstək mesajından sonra ABŞ-ın Yaxın Şərqə əlavə 20-25 F-35 və F-15 qırıcısı və Aralıq dənizinin şərqinə bir təyyarədaşıyan göndərəcəyi də yayılan xəbərlər arasındadır.

Onu da bildirim ki, vəziyyətin kəskinləşməsi münaqişənin genişlənməsi ehtimalını artırsa da, bu sırada adıçəkilən müsəlman ölkələrinin proseslərə müdaxilə imkanının elə də çox olmadığı deyilir. Həm də ona görə ki, son vaxtlar İsrail bir çox müsəlman ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istiqamətində uğurlu addımlar atıb".

Lətif Hüseynov qeyd edib ki, əksər müsəlman ölkləri, o cümlədən Türkiyə hər iki tərəfdən dinc insanların həlak olmasından narahatlıq ifadə edib, bu vəziyyətin tezliklə nizamlanması istəklərini ifadə ediblər.

"Azərbaycana gəlincə, biz 44 günlük Vətən müharibəsində İsrailin Azərbaycana göstərdiyi dostluq münasibətini unutmamışıq və bu ölkə ilə hərbi-texniki əməkdaşlığımızı həmişə yüksək qiymətləndiririk. Azərbaycanın Fələstinlə də münasibətləri həmişə normal olub. Onu da qeyd etməyi lazım bilirik ki, bütün hallarda terror və zorakılıq mübarizə vasitəsi sayıla bilməz və belə halların qarşısının alınması istənilən ölkənin suveren hüququqdur", - deyə siyasi ekspert vurğuladı.

Həmidə İBRAHİMLİ