"Anklavların mübadiləsi SSRİ zamanında da gündəmə gətirilib, ancaq baş tutmayıb"- Erməni kartoqraf

 14:25 09.10.2023     216

Prezident İlham Əliyevin AB Şurasının rəhbəri Şarl Mişşellə telefon danışığında Azərbaycanın 8 kəndinin hələ də Ermənistanın işğalı altında olması barədə sözləri Ermənistanda da ciddi müzakirə edilir.

Bəzi siyasilər Azərbaycanın Ermənistan tərəfindən tanınan 86,6 min kv.km ərazisinə anklavların da daxil olduğunu bildirərək, 8 kəndin qaytarılmasına Ermənistan hökumətinin razılaşdığını iddia edir.

Buna baxmayaraq, anklavların “mübadiləsi” də dilə gətirilir.

Redaktor.az bildirir ki, erməni kartoqraf Ruben Qalçyan iddia edib ki, anklavların mübadiləsi SSRİ zamanında da gündəmə gətirilib, ancaq baş tutmayıb:

“Ermənistanın anklavları Azərbaycana verilsə, Ermənistan onun ətrafına tikanlı məftillər çəkib deyə bilər ki, bəli, sənindir, qoy burada qalsın, bəs biz sənə sərhədimizə girmək hüququnu verməsək, necə gəlib gedəcəksən? Necə ki, sən bizə öz sərhədinə girmək hüququnu vermirsən. Biz düşməni məcbur etməliyik, əks halda ora çatmaq üçün bizdən dəhliz tələb edəcəklər”.

Qeyd edək ki, Ermənistan anklavların “mübadiləsinə” çalışır və iddia edir ki, Azərbaycanın 8 kəndinin ərazisi Başkəndlə müqayisədə daha kiçikdir və dəyişdirilə bilər.

Məsələ isə ondadır ki, Başkənd Kəlbəcər dağlarında yerləşir və sərhəddən 18 km aralıdadır.

Tovuzun işğal altında saxlanılan kəndləri, o cümlədən Naxçıvanın Kərki kəndi isə olduqca strateji əhəmiyyət daşıyır. Tovuzun kəndləri Ermənistanın Gürcüstana çıxışının üzərindədir. Üstəlik, o kəndlərin Ermənistanda anklava çevrilməsinin səbəbi də 1986-87-ci illərdə Tovuzun 3 min hektar torpaq sahəsinin ermənilərə “otlaq sahəsi kimi” verilməsi ilə bağlıdır. Bu qanunsuz qərarın ləğvi ilə Tovuzun strateji əhəmiyyətli kəndləri ilə birbaşa quru əlaqəsi yaranır.