"Arazın üstündən keçəcək yolla Zəngəzur dəhlizini bir-birindən ayırmaq lazımdır" - Politoloq

 16:19 09.10.2023     358

Xəbər verdiyimiz kimi, oktyabrın 6-da Zəngilan rayonunun Ağbənd qəsəbəsi yaxınlığında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturunun inşası, ərazidə sahilbərkitmə tədbirləri layihələrinin təməlqoyma mərasimi keçirilib və tikinti işlərinə başlanılıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Sədrəddin Soltan qeyd etdi ki, bu layihə yeni deyil.

Onun sözlərinə görə, ötən il də bu istiqamətdə işlər görülüb.

"Azərbaycan torpaqları işğal altında olanda da bu ideya var idi. Bunun əhəmiyyəti hər məsələdən öncə Naxçıvanla əlaqənin saxlanması müddətinin azalmasıdır. Naxçıvanın Şərqi Zəngəzur rayonları ilə, Qarabağla əlaqələrinin saxlanması əhəmiyyəti var. Habelə, Türkiyənin bölgə ilə əlaqə saxlamasında faydası var. Eləcə də İranın regionla əlaqə saxlamasına kömək edə bilər. Bu, beynəlxalq yol sayılmır. Zəngəzur dəhlizi statusu və hədəfi isə daha böyükdür. Zəngəzur beynəlxalq layihədir. Arazın üstündən keçəcək yol isə İran-Azərbaycan arasında razılaşmanın nəticəsində reallaşan bir layihədir. Ona görə bu iki yolu bir-birindən ayırmaq lazımdır. Məsələn, İran ərazisindən keçən yoldan tutaq ki, Avropa ölkələrinin, yaxud İranın xoşu gəlməyən ölkələrin bundan istifadə etməsi mümkün olmayacaq. Çünki bu, beynəlxalq yol deyil. Amma Zəngəzur dəhlizindən isə dünyanın bütün ölkələri, o cümlədən Ermənistan da istifadə edə bilər. Çünki beynəlxalq əhəmiyyətli nəqliyyat yoludur", - deyə S.Soltan vurğuladı.

Həmidə İBRAHİMLİ