"ABŞ Azərbaycanla Ermənistan arasında sülhün əldə edildiyi yer kimi Tiflisin olmasını arzulayır"

 16:08 09.10.2023     294

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri orada səslənən sülh və əməşdaşlıq təklifinə Ermənistan adekvat reaksiya verməsə belə, fikrimcə, çox uğurlu idi. Birinci ona görə ki, bu səfər Azərbaycanla Gürcüstan arasında daşınma və loqistika sahəsində əməkdaşlığın daha da dərinləşəcəyini, hər iki ölkənin tranzit potensiallarının əhəmiyyətli dərəcədə artacağını və Avrasiyanın təkcə enerji deyil, nəqliyyat təhlükəsizliyində əvvəlkindən qat-qat böyük rol oynayacaqlarını ortaya qoydu. Cənab İlham Əliyevin açıqlamasından gəldiyim nəticə budur ki, biz Kulevidə tikdiyimiz limanın daha da genişləndirilməsi ilə yanaşı 100 milyon tondan yuxarı yükdaşıma qabiliyyəti olan Anakliyada da səhmdar qismində çıxış etməyi düşünürük. Yəni Gürcüstan bizim karbohidrogen ehtiyatlarmızdan tranizt gəlirləri şəkilində pay aldığı kimi, biz də onun coğrafi mevqeyindən eyni məqsədlə faydalanmağa çalışır və faydalanırıq. Bu dost ölkə ilə birgə reallaşdıracağımız “Yaşıl enerji dəhlizi” isə hər iki ölkəyə böyük gəlirlər vəd etməklə yanaşı, geosiyasi çəkilərini də yetərincə artırır".

Redaktor.az xəbər verir ki, bu fikirləri deputat Sahib Alıyev Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfərini şərh edərkən bildirib.

"Gürcüstandakı açıqlamalarından göründüyü kimi, paradoksal təsir bağışlasa da, Prezident İlham Əliyev Ermənistanın da geosiyasi çəkisinin artmasını istəyir, amma alət və obyekt yox, subyekt olaraq. Çünki Ermənistanın forpostdan, müstəqil siyasət yeridə bilən normal ölkəyə çevrilməsi bütövlükdə Güney Qafqazın geosiyasi çəkisini artırardı ki, regionun lideri olaraq biz bunda maraqlıyıq.

Azərbaycan Prezidentinin Ermənistan rəhbərliyinə Gürcüstanda fərqi yoxdur- ikitərəfli, yaxud da üçtərfli formatda danışıqlara başlamaq təlkifi sülhlə yanaşı regional inteqrasiya və əməkdaşlığa çağırışdır. O, açıq şəkildə deyir ki, sülhə aparan danışıqlar ikitərfli də, üçtərfli də ola bilər, amma bununla bağlı anlaşma əldə edilən kimi region ölkələri arasında əməkdaşlıq məhz üçtərəfli formatda reallaşdırılacaq.

Dövlət başçımızın sülh anlaşmasının imzalanmalı olduğu yer kimi niyə məhz Gürcüstana üstünlük verməsinin səbəbi isə, onun özünün də vurğuladığı kimi coğrafi və tarixi faktorlarla yanaşı, həm də sözü gedən ölkənin baş naziri cənab Qaribaşvilinin bu sözlərində gizlənir: “Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Güney Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir”. Üstəlik aydındır ki, bu anlaşmanın Tiflisdə imzalanması Moskvanı qərbdə imzalanmasından daha az qıcıqlandırardı. Eləcə də qərbdəkilərə də belə bir addımın geosiyasi rəqib gözündə gördükləri Rusiyada deyil də, məhz Gürcüstanda atılması əl verir, onların irad bildirməyə arqumentləri qalmır. Mən hətta bu fikirdəyəm ki, Birləşmiş Ştatlar açıq dilə gətirməsə də, Azərbaycanla Ermənistan arasında sülhün əldə edildiyi yer kimi Brüsseldənsə Tiflisin olmasını arzulayır", - deyə deputat qeyd edib.

S.Alıyevin fikrincə, beləliklə, Azərbaycan Prezidenti Gürcüstanın baş naziri ilə birlikdə Ermənistan rəhbərliyinə Fransa, yaxud da vasitəçilik təkliflərinin arxasında ilk növbədə öz maraqları gizlənən digər güclərlə qurumların təzyiqini dəf edərək müstəqil siyasət yeritmələri üçün şans, eyni zamanda da manevr imkanı verdilər:

"Artıq seçim onlarındır - ya edilən çağırışı doğru dəyərləndirib regionda öz yeri və çəkisi olan dövlətə, beynəlxalq subyektə çevriləcək, ya da indiki kimi geosiyasi alət olaraq qalacaqlar".

Redaktor.az