Ermənistanla sülh anlaşması Tiflisdə baş tuta bilər - Deputatdan AÇIQLAMA

 16:57 09.10.2023     375

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Gürcüstana, Tiflis şəhərinə səfər etdi və işgüzar səfər zamanı bir çox məsələlər müzakirə olundu. Gürcüstanın baş naziri ilə keçirilən görüşdən sonra mətbuata birgə açıqlama verildi. Bu görüşü şərh edərkən xüsusilə biz diqqəti Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyev və Gürcüstanın dahi şəxsiyyəti Eduard Şvardnadzenin dostluğuna çəkməliyik. Cənab Prezident öz çıxışında bu iki dahi şəxsin dostluq və qardaşlıq münasibətlərinin nəticə etibarilə xalq arasında xoş dostluq münasibətlərinin qurulmasına gətirib çıxardığını vurğulamışdı. Həm sovetlər dövründə, həm də hər iki ölkənin müstəqillik illərində bu münasibətlər nəticə etibarı ilə ölkələrimiz arasında yaxşı əlaqələrin qurulmasına gətirib çıxardı və yaxşı əlaqələr nəticəsində xalqlarımız birgə öz iqtisadiyyatını qura bildilər".

Bu sözləri Redaktor.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan bu gün də dostluq, qardaşlıq əlaqələrini davam etdirməkdədirlər:

"Cənab prezidentin söylədiyi kimi bizlər onların davamçıları olaraq da bu münasibətlərin inkişaf etdirilməsində maraqlıyıq və onların yolları ilə gedirik. Bilirsiniz ki, Azərbaycan və Gürcüstan bir çox beynəlxalq və yerli layihələrin icrasını həyata keçirdir. Azərbaycan Gürcüstana ən çox sərmayə qoyan ölkələrdən biridir. Azərbaycan həm enerji resurslarını Gürcüstan vasitəsilə Türkiyəyə, eyni zamanda Qara dənizə çıxarır. Azərbaycandan yük daşımaları Gürcüstan üzərindən həyata keçirilir. Ancaq bilirsiniz ki, Azərbaycan qrup yaratdığı yeni logistik mərkəz daha çox tələb olunan yollardan biridir. Xüsusilə də Ukrayna-Rusiya münasibətlərindəki gərginlik, müharibənin olması nəticə etibarilə Avropaya alternativ yolların axtarışında olan korporasiyaların Azərbaycandan keçən orta dəhlizi daha da maraqlı etmişdir. Bu baxımdan da Azərbaycan bu orta dəhliz vasitəsilə yükdaşımalarının ötürücülük qabiliyyətinin daha da artırılması üçün Gürcüstanla bir çox yeni layihələri həyata keçirmək istəyir. Xüsusilə də Bakı-Tiflis-Qars dəmiryolu xəttinin ötürülmə qabiliyyətinin dəfələrlə artırılması gündəmdədir. Eyni zamanda, Gürcüstanda Qara dənizdə olan limanlarının işlənməsi, yeni limanların tikilməsi və Azərbaycanın bura sərmayə qoyması mümkündür. Gürcüstanda mövcud olan limanların genişləndirilməsində də Azərbaycan yaxından iştirak etmək marağındadır. Bilirsiniz ki, Azərbaycan ənənəvi enerji resurslarının ötürülməsi ilə yanaşı, eyni zamanda Gürcüstan vasitəsilə Avropaya yaşıl enerjinin, alternativ enerji resurslarının ötürülməsini həyata keçirmək istəyir. Artıq biz ötən il avropalı həmkarları ilə bu məsələnin razılaşdırılmasının və artıq bu layihə üzərində işlərin getməsinin də şahidi olmuşuq. Bu baxımdan da Azərbaycan Gürcüstanla birlikdə məhz bu layihələri də reallaşdıra biləcəkdir. Bütün bunlarla yanaşı, Cənubi Qafqazda sülh və əminamanlığın baş verməsi üçün bütün dövlətlər səylərini artırmalıdır. Azərbaycan və Gürcüstan buna bir nümunədir".

Deputatın fikrincə, Azərbaycan ümid edir ki, Ermənistan da Azərbaycan və Gürcüstan münasibətlərindən nümunə götürərək bu proseslərə öz töhfəsini verəcəkdir.

"Yaxın gələcəkdə biz Tiflis şəhərində üç liderin - Ermənistan, Azərbaycan və Gürcüstan liderlərinin görüşünün baş tutacağına ümid edirik. Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz Tiflisi görüş yeri üçün təklif etmiş oldu. Biz inanırıq ki, Cənubi Qafqazda sülhün əldə olunması mümkün olacaqdır və bəlkə də gələcəkdə Ermənistan və Azərbaycanla sülh anlaşmasının imzalanması məhz Tiflis şəhərində baş tutacaqdır. Ümumilikdə Ermənistan bu proseslərə yaxından töhfə verəcəyi təqdirdə biz düşünürük ki, Ermənistanın da Azərbaycanla Gürcüstanın icra etdiyi beynəlxalq layihələrdə iştirakı mümkündür. Bu da nəticə etibarilə Ermənistanın da iqtisadiyyatının dirçəlməsinə və inkişafına dəstək ola bilər. Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana səfəri çox uğurlu bir səfər kimi dəyərləndirilməlidir. Xüsusilə də bu işgüzar səfərlər nəticə etibarilə həm iqtisadiyyatımızın güclənməsinə töhfə vermiş olur, həmçinin də gələcək üçün vacib, önəmli layihələrin reallaşması üçün bir təməl kimi dəyərləndirilməlidir", - deyə N.Həmzəyev vurğuladı.

Həmidə İBRAHİMLİ