Gürcüstan vasitəçilik rolunu oynayacaq - Əgər Ermənistan...

 17:35 09.10.2023     493

"Ermənistan razıdırsa, tezliklə Gürcüstanda görüşlər keçirilə bilər".

Bu sözləri Gürcüstanda səfər zamanı bəyanatla çıxış edən ölkə prezidenti İlham Əliyev deyib.

“Tarixi əlaqələri və coğrafi faktoru nəzərə alaraq, Gürcüstan vasitəçilik rolunu oynayacaq ən düzgün seçim olardı. Əgər Ermənistan razıdırsa, biz bu görüşlərdə iştiraka hazırıq”,- deyə ölkə başçısı çıxışında vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq, siyasi ekspert Elçin Mirzəbəyli deyir ki, Azərbaycan bundan öncə də, hətta, 44 günlük müharibədən qabaq da Gürcüstanın öz ərazisini Ermənistan- Azərbaycan münasibətlərinin tənzimlənməsi, normallaşması üçün platforma kimi təqdim etməsini normal qəbul edib və buna müsbət yanaşıb:

"Təəssüflər olsun ki, Ermənistan adətən regiondan kənar qüvvələrin prosesdə iştirakına üstünlük verib. Bu aspektdən cənab prezidentin əslində Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər ölkəmizin bu günə qədər olan mövqeyini mahiyyət etibarilə özündə ifadə edir. Əslində Azərbaycanın baxış bucağı, Azərbaycan liderinin baxış bucağı ilk növbədə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmininə yönəlib.

Prezident İlham Əliyev Gürcüstanda mətbuat üçün bəyanatında da bu məqama xüsusilə diqqət çəkdi və Ermənistan- Azərbaycan münasibətlərinin tənzimlənməsinə də məhz Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması, insanların rifah içərisində yaşaması və əməkdaşlığın genişləndirilməsi aspektindən yanaşdığını vurğuladı. Bu kontekstdə Azərbaycanın mövqeyi ortadadır.

Gürcüstanda hər zaman bu məsələdə həm Azərbaycanın ərazi bütövlüyünə öz dəstəyini ifadə edib, həm də bu məsələlərə eyni kontekstdən yanaşıb. Bu baxımdan düşünürəm ki, Ermənistan bu mövzuda öz mövqeyini ifadə edərsə, belə bir görüş baş tuta bilər".

Humay İSGƏNDƏRLİ