"Anklavların əvəzində Azərbaycana Zəngəzurdan ərazi verə bilərlər" - Samir Hümbətov
"Paşinyan Qranadada bir sənəd imzaladı. Həmin sənədə əsasən, yenidən Azərbaycanın 86,6 min kvadrat km ərazisini tanımış oldu. Həmin ərazinin içərisində 8 kənd də var. Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə telefon danışığı zamanı da Azərbaycanın 8 kəndinin qaytarılması məsələsini xatırlatdı".
Bu sözləri Redaktor.az-a politoloq Samir Hümbətov anklavlardan danışarkən deyib:
Onun sözlərinə görə, əgər Ermənistan buna birbaşa imza atıbsa, deməli, artıq həmin əraziləri boşaldacaq:
"Bu ərazilərdən Azərbaycan istifadə edəcək. Orada keçid yol olmalıdır. Ya Ermənistan oradan bizə yol verməlidir, ya da ki, bunun barter vəziyyəti ola bilər. Yəni həmin o kəndlərin əraziləri hesablanacaq, həmin ərazinin əvəzində Azərbaycana Zəngəzurdan ərazi verə bilərlər. Bu da nəzərdən keçirilə biləcək bir mexanizmdir.
Əgər Azərbaycana həmin o kəndlərin təhlükəsizliyini təmin etməyi Ermənistan vəd edə bilməsə, orada yaşayacaq insanların normal yaşayışını təmin etməkdə çətinlik çəkəcəksə, o zaman müəyyən bir ərazini Azərbaycana verməli olur. Bu variant da nəzərdən keçirilir. Yəni artıq Ermənistan Azərbaycanın 86,6 min kv km ərazisini tanıyıb".
Həmidə İBRAHİMLİ